Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup müəllim və tələbəsi xeyriyyə tədbirləri çərçivəsində Suraxanı rayonundakı 2 saylı Uşaq evini ziyarət ediblər. Adıçəkilən müəssisəyə növbəti səfər ölkənin sosial həyatında önəmli tədbirlərə uyğun olaraq valideyn himayəsindən məhrum uşaqlara diqqət və qayğının konkret ifadəsidir.

ATMU-dan Unikal.org-a verilən məlumata görə, universitetin ziyarətçiləri adından Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Faina Qaçabəyova bildirdi ki, azyaşlı uşaqların hər zaman xoş təbəssümə, şirin sözə ehtiyacları var. Məhz bu səbəbdən də həmin uşaqları unutmur, mütəmadi ziyarət edirik.

F.Qaçabəyovanın dediyinə görə Suraxanıdakı 2 saylı Uşaq evində məskunlaşan sakin- uşaqların istək və arzuları ilə də maraqlanıblar. Onların ifasında milli və xarici rəqslərə tamaşa ediblər. Yenidən görüşmək vədi ilə ATMU adından hədiyyələrlə sevindiriblər.