Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.
Bu barədə Unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Reyd zamanı Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində köküstə yaş 44 sm diametrliyində söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib.
Araşdırma zamanı ağacın Suraxanı rayon sakini Allahverdi Rzayev tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 1800 manat məbləğində ziyan dəydiyi məlum olub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Suraxanı rayon Prokurorluğuna göndərilib.