Azərbaycan Texnologiya Universitetinin (ATU) həyətyanı ərazisində əl qumbarası aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Unikal.org-a verilən məlumata görə, 2018-ci il 21 Noyabr tarixində saat 10:49-da Daxili İşlər Nazirliyinin -³102-³ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:01-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, Şah İsmayıl Xətai prospektində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Azərbaycan Texnologiya Universitetinin (ATU) həyətyanı ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd DM-41 əl qumbarası aşkar olunub, daşınması təhlükəli olduğuna görə təhlükəsizlik tədbirləri görülməklə yerində zərərsizləşdirilib.
Əl qumbarasının tapıldığı yerin ətrafında 6 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.