"Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən iaşə obyektlərinin sahiblərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən vaxtdan 6 ay keçməsinə baxmayaraq, bu günə qədər yalnız 90 obyektdə təmizləyici qurğu quraşdırılıb".
Bunu Unikal.org report-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov deyib.
O bildirib ki, monitorinqlərin başlanıldığı tarixdən indiyədək xəbərdarlıqlara məhəl qoymayaraq təmizləyici qurğu quraşdırmayan 64 obyekt cərimə olunub, cəriməni ödəməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması istiqamətində iş aparılır: "20 iaşə obyektinin - "Yeddi Gözəl, "Sonalar sonası, "Gilavar, "Oazis, "Çanaqqala, "Şahzadə, "Şəlalə, "Meqa Palas, "Kəndimiz, "Çıraq, "Qabırğa və digərlərinin bağlanması üçün sənədlər məhkəməyə göndərilib. Hazırda daha 15 iaşə obyektinin -"Topqapı, "Ankara, "Mübarək, "Eliza, "Cratos Hall, "Qızıl balıq, "Şır-şır, "Meşəbəyi və digərlərinin fəaliyyətinin dayandırılması üçün sənədlər məhkəməyə hazırlanır. Həmin iaşə obyektlərinin sahiblərinin diqqətinə çatdırmaq istərdik ki, məhkəmənin qərarı əsasında fəaliyyətləri dayandırılaca obyektlərin yenidən fəaliyyət göstərməsi müvafiq prosedurlar baxımından heç də asan və tez olmayacaq. Onların fəaliyyətlərinin bərpasına nazirlik tərəfindən aparılacaq monitorinqlərin və müsbət rəyin nəticəsindən asılı olaraq razılıq veriləcək".
Mütəxəssis qeyd edib ki, müvafiq təmizləyici qurğunun quraşdırılması məqsədilə müqavilə bağlayan, lakin ötən xeyli müddət ərzində bu istiqamətdə heç bir iş görməyən, atmosferi çirkləndirməkdə davam edərək əhalinin haqlı narazılığına səbəb olan obyektlər barəsində də cərimə tətbiq edilməklə yanaşı, onların fəaliyyətlərinin dayandırılması, daha ciddi cəza tədbirləri görülməsi üçün aidiyyəti orqanlar qarşısında vəsadət qaldırılacaq.