Dollara təzyiqlər artmaqda davam edir.
Unikal.org apa-ya istinadən xəbər verir ki, ABŞ-ın milli valyutasının indeksi 94,2 səviyyəsindədir. Bu, mayın 12-dən etibarən minimum hesab olunur.
Baş verənlərə səbəb ötən həftənin cümə günü işsizliklə bağlı açıqlanan statistikadır. Xatırladaq ki, rəsmi statistikaya əsasən, mayda ABŞ iqtisadiyyatında (aqrar sektoru nəzərə almasaq) 38 min yeni iş yeri açılıb. Halbuki, proqnozlar 164 min yeni iş yerinin açılması üzərində qurulmuşdu. Bu, 5,5 illik antirekorddur.
Sözügedən statistika açıqlanandan sonra Federal Ehtiyatlar Sisteminin (FED) iyunun 14-15-də baş tutacaq iclasında uçot dərəcəsinin artırılması ehtimalı az qala heçə enib.
Onu da qeyd edək ki, bu gün FED rəhbəri Canet Yellen Filadelfiyada Xarici İşlər üzrə Şuranın iclasında çıxış edəcək. Gözlənilir ki, iqtisadi proqnozlardan və monetar siyasətdən söz açacaq xanım Yellen uçot dərəcəsinin FED-in iyulda baş tutacaq iclasında artırılacağına işarə edəcək. Bu addım dollara təzyiqlərin azaldılmasına hesablanıb.