Bu gün işğal altındakı Xankəndində qondarma "DQR parlamenti"nin deputatı, müxalif "Milli dirçəliş" hərəkatının lideri Ayk Xanumyan xüsusi amansızlıqla döyülüb.

 
Unikal.org virtualaz.org-a istinadən bildirir ki, Xanumyan xəstəxanaya yerləşdirilib. Onun kimlər tərəfindən döyüldüyü haqda hələlik məlumat verilmir.
 


Ayk Xanumyan "DQR"in keçmiş "müdafiə naziri", general Samvel Babayanın əsas tərəfdarıdır və onun yenidən Qarabağda "müdafiə naziri" olması uğrunda mübarizə aparır. Samvel Babayan bu günlərdə Moskvadan qayıdıb. Ötən bazar günü Qarabağa gəlib və onu minə yaxın tərəfdarı qarşılayıb. Xankəndinin mərkəzi meydanında Xanumyanın təşkilatçılığı ilə mitinq keçirilib və aksiyaçılar Samvel Babayanın "müdafiə naziri" təyin olunmasını tələb ediblər. Xanumyan bildirib ki, Xankəndi polisinin rəisi "prezident" Bako Saakyanın Samvel Babayanla görüşəcəyini bildirmişdi. Lakin onlar "prezident iqamətgahının" qarşısına gələndə məlum olub ki, Saakyan görüşmək istəmir.

Xatırladaq ki, Samvel Babayan Ermənistan mətbuatına müsahibəsində hakimiyyəti tənqid edib, aprel döyüşlərindəki uğursuzluqların hakimiyyətin səhvləri ilə bağlı olduğunu deyib. "Samo" bildirib ki, Ermənistan hərbi və digər resurslarına görə Azərbayanla ayaqlaşa bilməz və bu gedişlə azərbaycanlı əsgərlər İrəvanda çay içəcəklər.