Son iki ildə Azərbaycana 7 400 ədəddən artıq müxtəlif növ kənd təsərrüfatı texnikası alınıb gətirilib.
Unikal.org "Report"-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda keçirilən III Donor Koordinasiya Görüşündə çıxış edərkən deyib.
Nazirin sözlərinə görə, Azərbaycan dövlətinin alınan kənd təsərrüfatı texnikasının dəyərinin 40%-ni ödəməsi ilə bağlı qərardan sonra 60 mln. manatdan çox vəsait ayrılıb:
"Artıq qərar qəbul edilib ki, süni mayalanma ilə doğulan hər bir buzova görə sahibkara 100 manat subsidiya verilsin. Düşünürəm ki, payızdan artıq ödəmələrə başlanılacaq. Ötən il 5 min başdan çox buzov süni mayalanma yolu ilə doğulub. Bu il daha yüksək rəqəm gözləyirik".
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu məqsədlə süni mayalanma mərkəzi yaradılıb və bir neçə aydan sonra obyekt istifadəyə veriləcək: "Düşünürəm ki, bu da süni mayalanmada kütləviliyə nail olmağa təsir edəcək".
H.Əsədov deyib ki, 12 regionda da həmin süni mayalanma mərkəzinin filialları yaradılacaq.