"Azərbaycan ən azı 1,5-2 il ərzində Ermənistana qarşı genişmiqyaslı hərbi müdaxilə etməyəcək. Ermənistan tərəfinin də müdafiə sisteminin möhkəmləndirilməsi üçün məhz bu qədər vaxtı var".

Unikal.org Anspress-ə istinadən xəbər verir ki, bu fikirləri qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş "müdafiə naziri", general Samvel Babayan (Samo) Qarabağa səfəri zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan İsrailin raket hücumundan müdafiə sisteminə malikdir:

"Mən hətta Azərbaycan ərazisində yerləşdirilən bütün bu sistemlərin yerini göstərə də bilərəm. Əgər bir nəfər desə ki, dünyada bu cür sistemə malik olan üç ölkə var, mən deyərəm ki, Azərbaycan raket hücumundan müdafiə sisteminə malik 4-cü dövlətdir. Məni fikirlərimə görə qınayırlar. İndi deyin görək kim köhnəlib? Mən, ya onlar? Əgər onlar belə adi şeyləri belə bilmirlərsə, daha nə barədə danışaq? Ya da bilirlər, amma sizi aldadırlar. Əgər bilmirlərsə, bu daha pisdir. Amma əgər bilir və aldadırlarsa, deməli, onlar parazitlərdir", - deyə Babayan dövlət məmurlarını tənqid edərkən deyib.

Samo onu da iddia edib ki, ölkəsində lazımi silahların alınması üçün vəsait yoxdur: "Mən ölkəmizin iqtisadiyyatının vəziyyətini çox gözəl bilirəm və nə isə təklif edəndə də təqribi rəqəmlər gətirirəm. Eyni zamanda onu da bilirəm ki, bu vəsaitlərin tapılması mümkündür. Bunun üçün isə onların öz üzərindəkilərə yüngülcə boylanması lazımdır".

Samo ləqəbli general bir neçə gün əvvəl də sensasion açıqlamalar verib. O bildirib ki, Azərbaycan hərbçilərinin azad etdiyi mövqelər strateji məntəqələr idi. Azərbaycan ordusu saat yarım vaxt ərzində məlum mövqeləri ələ keçirə bildi:



"Həmin mövqelər, Mardakert istiqamətindəki ərazilər konkret olaraq ikili təyinatlı strateji məntəqələr olub. Birincisi, həmin ərazilər yaxınlıqdakı kəndlərin sakinlərinin yaşamaq imkanını təmin edirdi. Bu torpaqlar "Dağlıq Qarabağın" sərhədləridir. İkincisi, Azərbaycan ordusunun azad etdiyi həmin ərazilər - Gəncədən Beyləqana qədər bütün düzənliklər bizim ovcumuzun içində idi. Xüsusilə Mardakert istiqamətində strateji əhəmiyyəti olmayan mövqe yoxdur".

Keçmiş komandan bildirib ki, Azərbaycan böyük miqdarda silahlar alır və müharibəyə hazırlaşır. Qarşı tərəf artilleriyaya, raket və hərbi-hava qüvvələrinə xüsusi diqqət yönəldir ki, bununla da təmas xəttindəki erməni mövqelərini, habelə şəhərlərini və kəndlərini yerlə-bir edə bilər.

Babayan əlavə edib ki, Ermənistan Azərbaycanla istər insan resursları baxımından, istərsə də maliyyə baxımından rəqabət apara bilməz.

"Siz təsəvvür edin ki, onlar Naxçıvanda müxtəlif İsrail və Rusiya reaktiv sistemlərini quraşdırıblar. Sual yaranır: Nə üçün? Qarabağa zərbə endirmək üçün? Bunun üçün onlar həmin sistemləri Naxçıvanda yox, təmas xəttində yerləşdirməli idilər. Biz deyəndə ki, hücuma başlamağa hazırıq, qarşı tərəf bundan hökmən istifadə edəcək və artıq İrəvana zərbə vuracaq. İrəvandan Naxçıvana olan məsafə cəmi 42 kilometrdir. Azərbaycanın yerləşdirdiyi bu silahlar 70-150 kilometr məsafəni vura bilir. Biz onlardan öz şəhərlərimizi, kəndlərimizi qorumağa hazırıq?

"Bakıda çay içəcəyik" deməklə iş bitmir. Bakıda çay içmək olar, ancaq mən qorxuram ki, qarşı tərəf tezliklə İrəvana çatacaq və burada çay içəcək.

General formasını geyinib kolxoz sədri kimi bəyanatlar vermək olmaz. Bizim əsgər o raketlərə 1 dəqiqə də müqavimət göstərə bilməyəcək. Əgər bir dəqiqədə ön xəttə 25 min mərmi düşərsə, insan həmin yerdə necə dayana bilər? Deməli, bizim ruhumuz yüksəkdir? Əsgər raketi tutacaq, yoxsa mərmini havada saxlayacaq? Biz əsgərlərin təhlükəsizliyi barədə düşünməliyik", - deyə S. Babayan bildirib.