"Son günlər sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Vəfa Sərdar Səfərova adlı Facebook sosial şəbəkəsi istifadəçisinin 210 saylı körpələr evi-uşaq bağçasında təlim-tərbiyə alan övladı Əsmər Qədirovaya qarşı edilmiş "qeyri-etik hərəkətlər" barədə məlumatlar yayılıb. Məsələnin araşdırılması məqsədi ilə iyunun 6-da Vəfa Sərdar Səfərova həyat yoldaşı ilə birlikdə Bakı Şəhər İcra Hakimiyyətinə dəvət edilib, onlar Bakı Şəhər İcra Hakimiyyətində 210 saylı körpələr evi-uşaq bağçasının müdiri və əməkdaşlarının iştirakı ilə rəhbərlik tərəfindən qəbul ediliblər". Bu barədə unikal.org-a BŞİH-in mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, qəbul zamanı bağçanın əməkdaşları tərəfindən 01 iyun 2016-cı il tarixdə Vəfa Sərdar Səfərovanın övladı Əsmərin uşaqlarla birgə bağçada olan tədbirdə iştirakını təsdiq edən, dəqiq tarix (gün, ay, il)  həkk olunmuş fotoşəkillər təqdim edilib: "Bağçanın müdiri və tərbiyəçisi tərəfindən uşağın tədbirin gedişi zamanı müəyyən gigiyenik yardımlara ehtiyacı yarandığı üçün texniki işçi tərəfindən qrup otağına təmizlik-gigiyena işlərinin həyata keçirilməsi aparıldığı, uşağa qarşı hər hansı qərəz və psixoloji təzyiqlərin göstərilmədiyi bildirilib. Sadəcə, valideynin onlar tərəfindən uşağın halında baş verən dəyişikliklərlə bağlı söylədikləri yanlış anlaşılıb. Valideyn şəkilləri gördükdən sonra təəccübünü gizlətməyərək, həqiqətən də övladının tədbir günü eyni paltarda olduğunu təsdiq edib".
 
Qeyd olunub ki, BŞİH əməkdaşları tərəfindən dövlət bağçalarının tamamilə dövlət təminatında olduğu, uşaqların təlim-tərbiyəsi müqabilində hər hansı ödənişin tələb edilməsi hallarının qanunazidd hal olduğu bir daha valideynin diqqətinə çatdırılıb: "Bakı Şəhər İcra Hakimiyyətinin bütün əlaqə nömrələri valideynə təqdim edilin, gələcəkdə bağça ilə bağlı yarana biləcək hər hansı suallarla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə olunub. Bakı Şəhər İcra Hakimiyyəti olaraq, bütün paytaxt sakinlərindən paytaxtda yerləşən dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı  üzləşdikləri hər hansı anlaşılmazlıqlarla bağlı bilavasitə Bakı Şəhər İcra Hakimiyyətinin bu sahəyə məsul bölmələri ilə 4929494; 4920632; 4927348; 4923141  telefon nömrələri vasitəsi ilə  əlaqə saxlamalarını xahiş edirik".
 
"Hazırda Qədirova Əsmər 210 saylı körpələr evi-uşaq bağçasında öz təlim-tərbiyəsini davam etdirir. Qaldırılan məsələnin dərhal araşdırılmasına görə valideyn tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə minnətdarlıq ifadə edilib və bu barədə öz sosial şəbəkədəki profilində məlumat yayımlanacağı bildirilib", - deyə məlumatda qeyd edilib.