Makedoniya prezidenti Gjorge İvanov səsdinləmə qalmaqalında adı çəkilən rəsmilərin əfv olunmasıyla bağlı qərarını ləğv edib.
Unikal.org-un Müsavat.com-a istinadən məlumatına görə, bunu ölkə müxalifəti, Avropa Birliyi və Birləşmiş Ştatlar tələb edirdi.
Ötən il Avropa Birliyinin vasitəçiliyi ilə əldə olunmuş razılaşmaya görə, Makedoniyanın siyasi partiyaları erkən seçki keçirilməsinə razılaşıblar. Həm də razılığa gəlinmişdi ki, keçmiş baş nazir Nikola Gruevski və yaxın müttəfiqlərinin 20 mindən çox insanın dinlənilməsinə icazə verilməsinə dair iddialar araşdırılsın.
Ancaq İvanov apreldə həmin qalmaqalda adı hallandırılan 56 rəsmini əfv etdi. Bu da ölkə boyunca etirazlara səbəb oldu, sonucda iyunun 5-nə təyin olunmuş seçki ertələndi.
Makedoniya parlamentinin ötən ay qəbul etdiyi qanunvericilik İvanovun 22 siyasətçinin əfv fərmanının ləğvinə imkan verdi. İyunun 6-da isə qalan 34 nəfərin əfv fərmanı ləğv olunub.