Şamaxı rayonunun Mirzə Fətəli Axundov küçəsinin yollarının bərbad vəziyyətdə olmasından əziyyət çəkən sakinlərin aramsız yağışlardan sonra işləri bir az da çətinləşib.
Unikal.org Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, sel sularının fərş yolun daşlarını yuyub aparması burada dərin çuxurların əmələ gəlməsinə səbəb olub. Bu isə sakinlərin gediş-gəlişində , avtomobillərin hərəkətində müəyyən çətinliklərə səbəb olub. Aidiyatı qurumlardan əllərini üzən sakinlər isə hər dəfə yağışdan sonra özləri yolu təmir etmək məcburiyyətində qalırlar.
Küçədə qədim İmamzadə məscidinin yerləşməsi yolun önəmini bir az da artırır. Ancaq hazırki vəziyyətə görə bura bir gələn bir də gəlmir.
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemden xəbərdardırlar və bu məsələnin yaxın vaxtlarda həll olunacağı planlaşdırılır. Sakinlərin ən çox əziyət çəkdiyi aylar əsasən payız və qış aylarıdır. Ümid edək ki, qarşıdakı payız aylarına qədər problem öz həllini tapar və sakinlər də rahat şəkildə yeni salınan yollarında hərəkət edərlər.