"Paşa-Mersedes"in sonu
16:36 25-09-2012
İQTİSADİYYAT
"Paşa-Mersedes"in sonu
Şuşanın və Laçının işğalında əli olan Pavel Qraçov göbələyin qurbanı oldu
Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçov ölüb. Moskvadakı hərbi hospitallardan birində. İki həftə idi ki, 65 yaşını gələn il qeyd edəcək Qraçov Vişnevski adına hərbi hospitala yerləşdirilmişdi. Deyilənə görə, göbələkdən zəhərlənmişdi, keçmiş nazir. Bir dostunun ad günü ziyafətinə qatılmış, orda göbələkdən hazırlanmış salatdan dadmış, az sonra özünü pis hiss eləmişdi.
Onu evinə aparmışdılar. Evdə isə vəziyyəti daha da pisləşdiyindən hospitala çatdırmışdılar. Elə o vaxtdan komada idi. Komadan çıxa bilmədi. Dünən günorta saatlarında öldü. Sabah dəfnidir...
Rvıdan çıxan
çilingər oğlu
Rusiyanın Tula vilayətinin kiçik Rvı adlanan kəndində anadan olan Paşa yanvarın 1-də dostlarını 65 illik yubileyinə yığacaqdı. Çoxları, əslində mən özüm də, onun hələ 65 yaşının tamam olacağını bilmirdim. Çünki Qraçov soyadı yaddaşımızı çox uzaqlara, 1990-ların əvvəllərinə aparırdı. İndi onun ziqzaqvari avtobioqrafiaysını eşələyəndə məlum olur ki, sən demə bu adam 40 yaşında artıq general imiş. 44 yaşında isə dünyanın ən böyük dövlətlərindən birinin müdafiə naziri. Hə, Qarabağ cəbhəsində döyüşlərin ən qızğın vaxtı o, Rusiyanın müdafiə naziri idi. Yeltsinin sevimli Qraçovu. Nəyə görə sevimli? Çünki Qraçov QKÇP-nin üzvlərindən biri kimi Qorbaçova qarşı qiyamda iştirak edirdi. Amma onun komandanlığı altında olan hava-desant qoşunları sonradan Boris Yeltsinin tərəfinə keçir. Bir sözlə, əslində Yeltsini də elə o, hava-desant qoşunlarının komandanı kimi xilas edə bilib.
Onun atası çilingər olub, anası isə adi sağıcı. Uşaqlıqdan hərbçi olmaq istəyib. Elə orta məktəbi bitirən kimi keçmiş SSRİ-nin ən nüfuzlu ali hərbi məktəblərindən biri olan Ryazan Ali Hərbi-Desant Komanda məktəbinə daxil olub. Məktəbi qurtaran kimi leytenant rütbəsi alan gənc Paveli Litvaya, əlahiddə kəşfiyyat batalyonuna xidmətə göndərirlər. Burdakı əla xidməti nəticəsində Frunze adına hərbi akademiyaya daxil olur. Təhsilini başa vurmaq ərəfəsində sovet qoşunları Əfqanıstana girir. 1981-ci ildə o, Əfqanıstana göndərilir. Üç ilə ərzində əla xidmətə görə, mayor rütbəsindən polkovnik rütbəsinə kimi qalxa bilir. 1988-ci ildə isə Qraçov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür, vaxtından əvvəl general-mayor rütbəsi alır.
Sovet qoşunları Əfqanıstandan çıxandan sonra Hərbi-Hava qüvvələrinin Baş qərargahına gətirilir, qərargah rəisinin müavini vəzifəsinə təyin edilir. 1991-ci ilin əvvəllərində isə o, artıq qərargah rəisi idi.
Ermənilərə göndərilən
1 milyardlıq silah
Yuxarıda qeyd etdiyimiz kimi, onun Rusiyanın müdafiə naziri postuna gətirilməsinə səbəb Yeltsin olur. Amma buna kimi o, naziri əvəz etməyə başlayır. Məhz o gündən, 8 may 1992-ci ildən. Fikir verirsinizsə, Şuşanın işğal günüdür, həmin gün. Bəs Qraçov nə vaxt nazir təyin edilsə yaxşıdır? Mayın 17-də, Laçının işğal günü.
"Erməni separatçıları Şuşa və Laçını Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun dəstəyi ilə işğal ediblər. Şuşanın işğalında ilk yerdə erməni separatçıları durur, ancaq Pavel Qraçov Rusiyaya məxsus olan 366-cı alayının zabit heyətini 100 faiz erməniləşdirmişdi. Mayın 8-də Şuşanın işğalı vaxtı Qraçov Rusiyanın müdafiə naziri vəzifəsini icra edib, həmin il mayın 17-də Boris Yeltsin Pavel Qraçovu Rusiyanın müdafiə naziri təyin edib. 1992-ci il mayın 18-də Qraçovun dəstəyi ilə Laçın erməni separatçıları tərəfindən işğal olunub".
Bunu baş nazirin müavini, Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyir, müsahibələrinin birində.
Elə həmin il isə bütün fitnə-fəsadlarına, çabalarına baxmayaraq rus qoşunlarının Azərbaycandan çıxarılmasının qarşısını ala bilməyib.
Müdafiə naziri postunda olarkən Qraçovun ermənilərlə sıx münasibəti olub. Məhz onun təklifi və dəstəyi ilə Rusiya Ermənistana 1 milyard dollarlıq silah-sursat verib. Müdafiə naziri postundan getdikdən sonra Qraçov "Rosoboroneksport" və "Rosvorujeniya" şirkətlərində rəhbər vəzifələrdə işləyəndə belə Ermənistanın silahlandırılması üçün əlindən gələni edib.
İki saata məhv
edilən elitar polk
Qraçovun komandanlığı altında Rusiya ordusu Çeçenistanda qanlı müharibə aparıb, amma bu müharibəni uduzub. Bu məşhur ifadəni xatırlayırsınızmı? "Mən bir polkla Qroznını iki saata alacam". Amma Qroznıya yeridilən, Rusiyanın ən elitar polku sayılan 350-ci desant polkundan Qroznı küçələrindən sağ çıxan olmadı.
Bu, artıq Qraçovun iflasının başlanğıcı idi. İstər media, istərsə də ictimai qınaqların ağırlığına dözə bilməyən Qraçova ən ağır zərbəni də "Moskovski komsomolets" qəzetinin müxbiri Dmitrii Xolodovun qətli vurdu. Həmin vaxt Xolodov "MK"-da Müdafiə Nazirliyindəki korrupsiya faktları ilə bağlı çeşidli yazılarla çıxış edilirdi. Onun qətlində isə bir nömrəli şübhə yeri məhz Qraçov idi. Müdafiə naziri hətta şahid kimi məhkəməyə belə gətirildi. Amma məhkəmənin özü də qətli tam araşdıra bilmədi. Xolodovun qətli hələ də açılmamış qalıb.
"Mersedes" biznesi
"MK" ona bir ləqəb də qoymuşdu: "Paşa-Mersedes". Qəzet müdafiə nazirinin Almaniyadan ölkəyə çoxsaylı "Mersedes"lərin gətirilməsinə görə bu adı ona vermişdi. "Mersedes" məsələsi də həmin vaxt ən qalmaqallı mövzulardan birinə çevrilmişdi media üçün. Almaniyadan ordu generalları üçün bir ucdan gətirilən "Mersedes"lərə yüz milyonlar xərclənirdi. Həmin "Mersedes"lərdən isə korrupsiya iyi gəlirdi. Sonradan məlum olacaqdı ki, təkcə bu markalı avtomaşınların gətirilməsindən tək Qraçovun qazancı 20 milyondan çox olub.
Məhz "Mersedes haqq-hesabından sonra Yeltsin onu vəzifədə saxlamaq niyyətindən əl çəkdi. Qraçov işdən azad edildi. Təqaüdə göndərildi.
İki oğul atası olan Qraçov təqaüdə çıxandan sonra bir müddət "Rosoboroneksport" və "Rosvorujeniya" şirkətlərində çalışsa da, eyni zamanda bizneslə də məşğul oldu. Məsələn, Rusiya KİV-nin yazdığına görə, onun mebel istehsal edən onlarla fabriki var. Həmin fabrikləri isə həyat yoldaşı Lyubov Qraçova idarə edir. Və mebel istehsalı onun biznes imperiyasının sadəcə bir hissəsidir. Eks-nazirin yük daşıma şirkətlərinin, çoxsaylı avtosalonlarının olduğu da deyilir.
***
Hə, lap yaddan çıxmamış, bir desantçı-zabit kimi Qraçov Rusiya Müdafiə Nazirliyi tarixində bir rekord yiyəsidir. O, bir desantçı kimi düz 687 dəfə paraşütdən tullanıb...
Amma daha şəxsi rekordunu təzələməyəcək.
Göbələk qoymadı...
Səbuhi MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00