Bir neçə gün öncə keçmiş MTN əməkdaşı Ərəstun Oruclusabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudovun əlində 2800 ədəd kompromat xarakterli intim video kaset olduğunu bildirib. Eldar Mahmudov haqqında kifayət qədər faktlar ortada olsa da, ancaq sabiq nazir hələ də azadlıqdadır. Bir çox ekspertlət buna səbəb kimi məhz onun əlində olan şantaj materiallarını göstərirlər.
Unikal.org-un məlumatına görə, Eldar Mahmudovun niyə həbs edilməməsi barədə öz fikirlərini Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl ölkə.az-la bölüşüb:

"Eldar Mahmudovun əlində çoxlu faktlar ola bilər. Əgər Eldar Mahmudovun əlində 2800 video varsa onun 2790-nı siyasi qərar qəbul etmək üçün heç nədir.

Görünür o videoların içərisində elələri var ki, şantaj xarakterlidir. Şantaj xarakterli olduğuna görə də siyasi qərar verilmir, işin başında duran şəxs həbs olunmur. Bu prosesin içərisində olan şəxslər var ki, onlardan da bir neçəsi həbs olunmayıb. Bütün bunlar göstərir ki, Eldar Mahmudovun əlində çox güclü kompromatlar var.

Əldə olan faktların sayı önəmli deyil, məsələyə təsir edə biləcək şəxslərə qarşı şantaj materialı olduğuna görə Eldar Mahmudov toxunulmaz qalıb. Yerdə qalan videoların təsir gücü siyasi qərar verməyə yaramır.
Eldar Mahmudovun həbs olunmamasının səbəbi istintaqla bağlı deyil. Elə tapşırıqlar, sifarişlər olub ki, Eldar Mahmudovun komandası bunu əllərində saxlayıblar. Komanda olaraq bu işlərin üstünün açılmasına hazırlıqlı olublar.

O videoların hələ ki, bir neçəsi buraxılıb. Hansısa komitə sədrinin, jurnalistin, varlı bir şəxsin - arvadın ərə, ərin arvada xəyanət videolarını çəkib saxlayıblar. Kiminsə sekslə məşğul olması heç kimə maraqlı deyil. Məşğul olur, yaxşı edir. Onlar xəyanət videolarını çəkiblər ki, sabah əllərində fakt kimi istifadə etsinlər. Azərbaycan tam olaraq köklənib seks kaseti məsələsinə, ancaq məsələ təkcə sex kaseti deyil. O kasetlərin hətta 2790 ədədi siyasi qərar qəbul etmək üçün boş şeydir".

Qeyd edək ki, Eldar Mahmudov 17 oktyabr 2015-ci ildə MTN ətrafındakı məlum qalmaqaldan sonra nazir vəzifəsindən azad edilib.