Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Nazirlikdən unikal.org-a verilən məlumata görə, iyun ayının I ongünlüyündə Kür çayında suyun sərfi may ayının III ongünlüyünə nisbətən 27 m3/san azalaraq 335 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3.6, Ağstafaçayda 3.7, Ağstafaçay su anbarında isə 3.2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

İyun ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.3, I Şahsevəndə 2.5, Bəhramtəpədə isə 2.6 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.96-6.52 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
 
Qeyd edək ki, dünən "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, son günlər intensiv yağıntılarla əlaqədar Kür çayında suyun bulanıqlığı dəfələrlə artıb.
Bununla əlaqədar Kür Sutəmizləyici Qurğularında suyun emalı mümkün olmadığından Kür-Bakı, Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri ilə suyun nəqli dayandırılıb.

14 iyunda gün ərzində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Biləsuvar şəhərlərinə, həmçinin Bakı şəhərinin Qaradağ rayonunun, Badamdar, Binəqədi, Biləcəri, Xocasən qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bundan başqa, Nizami və Xətai  rayonlarının bəzi ərazilərində isə su təchizatı qrafikli rejimə keçiriləcək.