Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı növbəti əməliyyat tədbiri bu dəfə Goranboyda keçirilib. Dövriyyədən 5 kq-dan artıq narkotik çıxarılıb.
Unikal.org Region TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər sakini Aydın Baladadaşovun peşəsi qaynaqçılıqdır. Amma bu dəfə o, öz bacarığını başqa sahədə sınamaq qərarı verib. Narkotik vasitələrin alverinə girişən Baladadaşovun bu əməli ona baha başa gəlib. Həmin şəxs 5 kq-dan artıq marixuananı Goranboyda satmaq istəyərkən saxlanılıb.

Müstəntiq Gündüz Yusibov bildirib ki, həmin şəxs narkotik vasitələri evində döşəməyə salıb və qurudub: "Evinə baxış zamanı bu vasitələrin qalıqları tapılıb".

Aydın Baladadaşov deyir ki, narkotik vasitəni tanışının köməyilə Şəmkir rayonunun ərazisindən yığıb. Satmaq təklifi də elə məhz həmin tanışından gəlib: "Şəmkir yolunda istixanalar var, oradan yığdım. Dedi ki, 700 manata satarıq, yarısı sənin, yarısı mənim. Yığdıq, gəldik Goranboya satmağa, burada polislər tutdu".

"Biznes"i baş tutmayan Gəncə sakini indi əməlindən peşmandır: "Əlbəttə əməlimdən peşmanam. Süpürgədən ötrü içəridə yatacam. Nəşə kişi işi deyil".

Daha öncə də 7 il məhbusluq həyatı yaşayan Aydın Baladadaşovun peşmanlığı onun azadlığa çıxmasına kömək etməyəcək. Bu əməlinə görə onun barəsində artıq cinayət işi açılıb, araşdırmalar davam etdirilir.