Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 47-ci iclasının gündəliyinə üzv dövlətlərdə qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı məsələlər salınıb.
 
Unikal.org-un məlumatına görə, bu barədə Azərbaycanın QDİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Eldar Quliyev APA-ya açıqlamasında bildirib.
 
O, iclaslarda üzv dövlətlərdə qaçqınlarla bağlı məsələnin siyasi, iqtisadi, sosial, təhsil, mədəni aspektləri barədə müzakirələr aparılacağını qeyd edib.
 
E. Quliyevin sözlərinə görə, Azərbaycan nümayəndə heyəti azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı ayrıca məsələ qaldıracaq: "Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və bu, ölkədə iqtisadi, sosial çətinliklər yaranıb. Azərbaycanlı qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmaq istəyirlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi isə yerinə yetirilmir".
 
Qeyd edək ki, QDİƏT PA-nın 47-ci iclası iyunun 28-30-da Moskvada keçiriləcək.
 
Qara dəniz regionunda əməkdaşlıq, sülh, stabillik, çiçəklənməyə töhfə verən iqtisadi və siyasi təşəbbüsləri dəstəkləyən QDİƏT-ə Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Serbiya, Rusiya, Ukrayna, Türkiyə və Rumıniya daxildir.