Azərbaycanlı şərqşünas, AMEA-nın şərqşünaslıq institutunun dissertantı Vüsal Hətəmov Kazanda Azərbaycan elmi üçün nadir əlyazmaları tapıb.
Unikal.org xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a məlumat verən şərqşünas, araşdırmaçı-yazar nadir sənədləri "Nəsimi - 650 il" tədbiri ilə bağlı Tatarıstanın paytaxtına səfəri zamanı əldə etdiyini söyləyib. Səfər zamanı o, Kazan Federal Universitetinin Əlyazmaları Fonduna baş çəkib. Oradaki arxiv materiallarla 4 günlük tanışlıq zamanı Vüsal Hətəmov Nadir şahın rus çariçasına yazdığı iki məktub, Qacarlar dövrünün fərmanları, Nizami Gəncəvinin müəllifi olduğu "Sirlər xəzinəsi" və "Yeddi gözəl" poemalarının müvafiq olaraq 1533-cü və 1611-ci ilə məxsus surətləri, 1644-cü ildə dünyasını dəyişmiş Mövlanə Yusif Qarabağiyə aid əsər və 1350-ci ilə təsadüf edən "Əxlaqi-Nasiri" əlyazmasını üzə çıxara bilib.
Vüsal Hətəmov Kazan arxivində Azərbaycanla bağlı tarixi materialların araşdırılmasına böyük ehtiyac olduğunu bildirib. Bu yöndə fəaliyyətini davam etdirmək istədiyini, bunun üçün AMEA-nın müvafiq qurumuna rəsmi müraciət edəcəyini söyləyib. Vüsal Hətəmov həmçinin qeyd edib ki, bu əlyazmaları arasında Azərbaycan elmi üçün əhəmiyyəti baxımından Nadir şahın məktubu, Qacarlar dövrünə aid fərmanlar, ən əsası isə görkəmli şərqşünas-alim, AMEA-nın şərqşünaslıq institutunda kafedra müdiri işləyən Məsiağa Məhəmmədinin uzun illər tədqiqat işlərindən olan Mövlanə Yusif Qarabağiyə aid "Nəhcül-bəlağə" kitabının tapılmasıdır. Vüsal Hətəmov bildirib ki, o, araşdırma zamanı hər gün dissertasiya rəhbəri Məsiağa Məhəmmədi ilə əlaqə saxlayır, müvafiq məsləhətlər alırmış. Məsiağa Məhəmmədi Yusif Qarabağiyə aid bir neçə əsər haqda dövri mətbuatda məlumat verdiyini, Kazandakı əlyazmasının isə həm özü üçün, həm də Azərbaycan elmi üçün yeni olduğunu qeyd edib.