İctimai Palatanın qaranlıq dəhlizləri
00:59 19-10-2012
İQTİSADİYYAT
İctimai Palatanın qaranlıq dəhlizləri
Vahid namizəd məsələsi partlayışı törətdi
Ictimai Palatanın gözlənilmədən istefalarla üz-üzə qalması həm də gözlənilən idi. Çünki bu istefalar hələ bir neçə ay öncə yetişmişdi və Müsavat başqanı İsa Qəmbərin 2013-cü il prezident Seçkilərində iştirak etməsi ilə bağlı verdiyi açıqlama çibanı partlatdı.
İctimai Palatada vahid namizəd küləyi
İsa Qəmbərin məlum bəyanatı İctimai palatada bir canlanma yaratdı. Artıq bir ildən çox idi ki, bir-biri ilə müttəfiq qiyafəsində görüşən Müsavat və AXCP İP çərçivəsində fəaliyyətlərini balanslaşdırır və cəmiyyətdə belə bir fikir formalaşdırırdılar ki, iki partiya artıq bir yerdədir və güclərini birləşdirdiklərindən hakimiyyətə alternativ güc də məhz onlardır .Əslində cəmiyyət iki partiyanın bir yerdə olmasına rəğbətlə yanaşırdı və bunun rüşeyimləri hələ Müsavat başqanı İsa Qəmbərin 2 il öncə verdiyi bəyanatdan sonra da özünü açıq şəkildə göstərdi. Xatırladaq ki, həmin vaxt İsa Qəmbər bildirmişdi ki, Müsavatla AXCP birləşə bilər. Bundan sonra AXCP dərhal qərar çıxartdı ki, bu birliyə istənilən şərtlə hazırdılar. Həmin vaxt demək olar ki, cəmiyyətdə bu ideyaya böyük maraq oldu və ideya dəstəkləndi. Amma İsa Qəmbər verdiyi təklifdən imtina etdi və bunun qarşılığında İctimai Palata yaradıldı. Düzdür bildirildi ki, İctimai Palata bütövlükdə müxalifətin meydanıdır. Amma iç qatda sadəcə olaraq Müsavatla AXCP-in daha geniş formatda əməkdaşlığı gündəmdə idi. Amma müttəfiqliklə yanaşı ortada başqa bir maraqlı prosesdə gedirdi.
Qarşılıqlı etibarsızlıq
İctimai Palatanın ən aktiv zamanında belə aydın oldu ki, iki partiyanın müttəfiqliyində həm də ciddi fəsadlar var. Bu fəsadlar nədən ibarət idi? Hər iki partiyanın rayon təşkilatları , sıravi üzvləri müttəfiqliyi dəstəkləsələrdə aktiv üzvlər müttəfiqlikdən razı deyildilər və ilk fürsətdə bir-birilərindən xəyanət gözləyirdilər. Yəni müsavat AXCP-ni, AXCP isə Müsavatı anındaca hakimiyyətlə iş birliyində ittiham etməyə hazır idilər. İctimai Palatanın Kordinasiya Şurasına üzvlərin seçilməsi prosesində də aydın oldu ki, İP üzvü olan müsavatçılar Əli Kərimlinin, AXCP üzvləri isə İsa Qəmbərin Kordinasiya Şurasına üzv olmalarına səs verməyiblər və ya çox az şəxs səs verib. Bu isə bir daha təsdiqləyirdi ki, partiyalar arasında münasibət heç də yaxşı deyil və istənilən qığılcım ciddi gərginliklər yaradacaqdı. Və İsa Qəmbərin məlum açıqlaması partlayışı yaratdı.
Qarşılıqlı ittihamlar
periodu
İsa Qəmbər prezidentliyə namizəd olacağını bildirdi. AXCP aktivləri bundan ciddi narahatçılıq keçirtdi və İsa Qəmbərdən bununla bağlı hesabat tələb olundu. Çünki qərara alınmışdı ki, vahid namizəd məsələsi gündəmə gəlməsin və seçki öncəsi durum dəyərləndiriləndən sonra məsələyə qayıtsınlar. Bunu da xatırladaq ki, İctimai Palatada vahid namizəd məsələsi ilk dəfə Pənah Hüseyinli tərəfindən gündəmə gətirilmişdi və Pənah Hüseyinli onda bildirmişdi ki, vahid namizəd məsələsi İsa Qəmbərlə Əli Kərimli arasında tək müzakirə olunmamalıdır. Bu məsələ partiyalar səviyyəsində, hətta açıq cəmiyyətdə belə müzakirə olunaraq öz həllini tapmalıdır. O zaman həbsdə olan Müsavat partiyasının aparat rəhbəri Arif Hacılıda bildirmişdi ki, İctimai Palatanın dağılmasından qorxubda vahid namizəd məsələsini gündəmdən çıxartmaq əvəzinə belə bir inam yoxdursa, İctimai palatanın bəri başdan dağılmasına razı olmaq lazımdır. Bütün bunlar isə özlüyündə vəziyyətin heç də yaxşı olmadığını göstərirdi. İsa Qəmbərin prezidentliyə namizəd olacağını deməsi isə gizli savaşı ortaya çıxartdı. Sosial şəbəkələrdə demək olar ki, iki partiya aktivləri arasında ciddi savaş başladı və bu savaş bəzi hallarda təhqirlə, patoloji nifrətlə əvəzləndi. Amma İsa Qəmbər dediklərindən imtina etmədi və fikrində ciddi olduğunu, prezidentliyə bir daha namizəd olacağını söylədi. Bununla da aydın oldu ki, artıq İctimai Palata tarixi missiyasını başa vurmaq üzrədir.
İlk addım atan
uduzacaq
Bu gün istər AXCP üçün, istərsə də müsavat üçün gün kimi aydındır ki, İctimai Palata artıq fəaliyyətini davam etdirə bilməyəcək və bu blok ölü durumdadır. Amma söhbət ondan gedirdi ki, İctimai Palatanı ilk olaraq hansı tərəf tərk edəcək. Çünki İP-dən ilk istefa verən tərəf ən azından müxalifətin birliyini zədələyən tərəf kimi cəmiyyətə təqdim olunacaq ki, buda zəif olan nüfuzun daha da zəifləməsi ilə tamamlanacaq. Buna görə də İctimai Palatanın daha rahat şəkildə iflasa uğraması yolu seçildi. Bu yol nədən ibarətdir?
İctimai marağın
azalması
Hesab edildi ki, artıq cəmiyyətə belə bir mesaj verilməlidir ki, İctimai Palata artıq missiyasını başa vurub və bu gün qarşısına düşən vəzifələri icra edə bilmir. Həmçinin müxalifətin ənənəvi
Satqınçılıq ittihamı da ortaya atıldı. Günün maraqlı istefasının müəllifi Ərəstun Oruclununda açıqlamasında bu ştrixləri olduğu kimi görürük. Məsələn, müəllif açıqlamasında bildirir:-“İctimai Palata partiya, qrup və fərdi maraqların mübarizəsi meydanına çevrilməyə başladı. O özü demokratik qurum ola bilmədi və fəaliyyətində rasionallıq ortaya qoymağa müvəffəq olmadı. Qərarların qəbulunda kollegiallıq yarada bilmədi, adından bəlli olduğu kimi, koordinasiya funksiyasını yerinə yetirməli olan Koordinasiya Şurası isə de-fakto İctimai Palatanın qərarverici qurumuna çevrildi. Demokratik dəyərlər uğrunda mübarizəni məhəlli maraqlar uğrunda pərdəarxası çəkişmə və yarışma meylləri əvəz etdi. Yeni Azərbaycan Partiyasının Avropa Parlamentinin bəlli qətnaməsinə etiraz məktubunun imzalanması məsuliyyətinin İctimai Palata ilə bölüşdürülməsi isə beynəlxalq aləmdə həm partiyaların, həm də palatanın nüfuzuna son dərəcə ciddi zərbə oldu”.Eyni bəyanatı biz bir ay öncə Zəfər Quliyevlə, Pənah Hüseyinlidən də eşitdik. Onda da İP üzvü olan hər iki şəxs bəyan etdi ki, İctimai Palatanın tutduğu mövqe qaneedici deyil və qrumdan istefa verdilər. Sonra aparılan danışıqlardan sonra hər iki siyasətçi istefa qərarından imtina etdilər. Əslində bütün bunlar cəmiyyətin reaksiyasını öyrənmək üçün idi və bu gün artıq qatar yerindən tərpənib.
Növbəti dayanacaq
Ekspertlər hesab edir ki, hadisələr bununla tamamlanmayacaq. İstər AXCP, istərsə də Müsavat rəhbərliyi İctimai Palatanın yenə də vacibliyini bəyan edib, fəaliyyət göstərmələri ilə bağlı çağırışlar verəcəklər. Əslində isə bu sadəcə olaraq bir görüntü olacaq. Çünki hazırda baş verənlər təsdiqləyir ki, hər iki partiya prezident seçkilərinə hazırlaşır və vahid namizəd məsələsi artıq sıradan çıxıb. Bir neçə aylıq birgə fəaliyyətdən sonra isə İP bir dəfəlik tarixə gömrüləcək.
Bir məqalənin gücü
Başqa maraqlı bir ştrix isə budur ki, son iki gündə İctimai palatanın çaxnaşma yaşamasının səbəbi “Yeni müsavat”da dərc olunan bir məqalədir. Məqalədə göstərilir ki, müxalifətin bəzi tərəfləri hakimiyyətlə iş birliyinə girib və razılaşmaya görə 2013-cü il prezident seçkilərində hakimiyyət seçkilərdə qalib tərəf olacaq, 2015-ci il parlament seçkilərində isə müxalifətə yetərli qədər yer veriləcək. Bu məqalənin nə qədər real olub olmamasını deyə bilməsəkdə bir fakt marağı daha çox cəlb edir. Belə bir yazının mövcudluğu həqiqətənmi İP-in dağılmasına səbəb ola bilər? Ekspertlər hesab edir ki, əslində bu çox gülünc arqumentdir. Çünki bu məqalədən tərəflər sadəcə olaraq istifadə edir və yaxın aylarda başlanacaq qarşılıqlı ittihamlar üçün mövzuya çevriləcək. Buna görə də indi mənasız yerə belə bir ajiotaj yaradılır.
Müxalifətin
sabahkı taktikası
Baş verənləri təhlil edərək belə bir nəticə çıxartmaq olar ki, müxalifət 2013-cü il seçkilərinə heç də hazır deyillər və seçki öncəsi müxalifətin əsas hədəfi hakimiyyət yox daxili qarşıdurmalar olacaq. Yəni AXCP Müsavatı, Müsavat isə AXCP-ni rəqib gözündə görəcək və yenə də prezidentlik kürsüsü uğrunda yox, ana müxalifətçilik uğrunda savaş başlayacaq. Buda bildirilir ki, əslində müxalifət son proseslərdən aydın odu ki, hadisələrə təsir etmə gücündə də deyil. Məsələn, istər Quba hadisələri zamanı, istər Gülər Əhmədova olayları zamanı, istərsə də islamçıların son aksiyası zamanı müxalifət sadəcə seyriçi mövqedə qalmalı oldu. Bu isə təsdiqləyir ki, sabah seçki öncəsi önəmli hadisələr baş verəndə də müxalifət yenə seyriçi mövqedə qalacaq və meydanda hakimiyyətlə hansısa problemləri görəcəyik. Buna görə də hazırda mövcud hakimiyyət müxalifətlə yox, daha çox kənar qüvvələrlə mübarizə aparmağa hazırlaşır və müəyyən məqamlarda müxalifətin hansısa qanadının gücləndirilməsinə də razılıq verəcəkləri proqnozlaşdırılır. Məhz hansı qanada üstünlük veriləcəksə qarşı tərəfdə o qanadı hakimiyyətlə iş birliyində ittihamlayacaq.
Son
Əslində bu yazının sonu yox prosesin sonudur. Söhbət İctimai palatanın çöküşü prosesindən gedir. Hesab etmək olar ki, iki istefadan sonra sosial şəbəkələrdə qarşılıqlı ittihamlar daha da güclənəcək və yeni istefaların şahidi olacağıq. Həmçinin bu istefalar daha geniş və təsirli olacaq ki, bununla da yeni mərhələyə start veriləcək. Bu gün İctimai Palatanın dağılması isə ekspertlərin fikrincə AXCP-ni çıxılmaz duruma salacaq. Çünki AXCP son bir neçə ildə kifayət qədər ciddi çətinliklərlə üz-üzə qalmışdı və İctimai Palata əslində AXCP üçün tribuna rolunu oynayırdı. Bu gün isə belə bir tribuna əldən çıxır. Həmçinin hesab edilir ki, AXCP belə duruma görə istər-istəməz yeni müttəfiq axtarışına çıxacaq və Rəsul Quliyevin lideri olduğu ACP ilə əməkdaşlıq qaçılmaz olacaq. Müsavat isə bu faktordan kifayət qədər yararlana biləcək.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00