SİYASİ QÜTBLƏRİN PSİXOLOJİ ANATOMİYASI
12:51 23-10-2012
İQTİSADİYYAT
SİYASİ QÜTBLƏRİN PSİXOLOJİ ANATOMİYASI
Eqo-Fobiya – Konflikt üçbucağı
Bu gün istər siyasi proseslərdə, istərsədə normal yaşam tərzində qəribə və ciddi fəsadlarla üz-üzə qalırıq. Söhbət cəmiyyətdə qarşılıqlı inamsızlıq və qorxu hissinin formalaşmasıdır. Mövzunun kifayət qədər ciddiliyini və geniş əhatəli olduğunu nəzərə alaraq əsasən siyasi mühitdə baş verən proseslərə diqqət yetirək.
İqtidarın eqo problemi
Gəlin öncəliklə bu məsələdə mövcud iqtidar düşərgəsində mövcud olan bəzi məqamlara diqqət yetirək. Bu gün müxalifətdən fərqli olaraq iqtidar düşərgəsində bir Eqo və bundan dolayı Ezop müşahidə olunmaqdadır. Psixoloji termin olan Eqonun açması, özünəgüvənlikdir.Qeyd edək ki, əslində normal hal alan Eqonun mövcudluğu o halda zərərli ola bilir ki, Eqo həm də qoruyculuq yükünün artması və bunun əks-təsir yüklü olmasıdır. Bu isə sözsüz ki, rasionalizasiya yaradır. Bu nə deməkdir?
Frustrasiya və həyəcandan qurtulmanın yollarından biri də reallığı təhrif edərək özünüqiymətləndirməni qoruyan rasionalizasiyadır. Rasionalizasiya yalan arqumentlərə əsaslanır. Uğursuz mühakimələr rasionalizasiya köməyilə özünü təsdiq edə bilər. Bu müdafiə mexanizminə geniş yayılmış misal “yaşıl üzümdü”. Bu ad öz başlanğıcını Ezopun təmsilindən götürüb. Bəzən eqo qadağan olunmuş impulslardan, fikir və davranışı əks fəaliyyətdən qaçmağa çalışır. Bu müdafiə mexanizmi iki pillədə həyata keçir: qəbul edilməyən impuls boğulur, sonra isə şüur səviyyəsində tamamilə əkslik yaranır. Freydə görə insanın adaptasiya məqsədi ilə öz impulslarını sosial mühitə uyğun olaraq əks etdirməyi nəzərdə tutur. Sublimasiya istənilməyən impulsların istənilən istiqamətə yönəltməyi bacaran tək, sağlam, konstruktiv strategiya hesab olunur. Instinktlərin enerjisi cəmiyyətin uyğun bildiyi istiqamətə sərf olunur. Bundan başqa bu məqamda həm də inkaretmə halı ilə üz-üzə qalırıq. Əgər insan xoş olmayan hadisəni inkar edirsə, o inkaretmə müdafiə mexanizmini işə salır. Freydə görə inkaretmə Eqosu yüksək olan insanlar üçün tipikdir, lakin şokun nəticəsində inkaretməyə müraciət edə bilərlər və bu xarici təhlükədən qoruyur.Beləliklə gördüyümüz kimi bu gün hakimiyyətdə Eqonun həddini aşması özlüyündə həm də özünəinamı, özünəvurğunluqla, özünəvurğunluğu isə özünü qoruma ilə əvəzləyir. Xatırlayırsınızsa ölkədə korrupsiyaya və rüşvətə qarşı mübarizəyə start veriləndə ciddi bir təlaşla üz-üzə qaldıq və bu bir daha təsdiqlədi ki, formalaşan Eqo həddini aşıb və reallıqla üz-üzə qalanda hətta bu özünüqorumanın ən tipik halına keçir. Beləliklə bunları nəzərə alsaq bu gün hakimiyyətin həyata keçirtdiyi siyasətdə müəyyən çatların məhz bu səbəblərlə ciddi bağlı olduğunu iddia edə bilərik.
Amma hakimiyyətlə müqayisədə müxalifətin problemləri daha çoxdur və bunlar əslində müxalifətin cəmiyyətdən ayrılmasına gətirib çıxarır. Bu gün sual verilir, nəyə görə müxalifət ətrafına ciddi sosial baza toplaya bilmir? əslində izahımızdan sonra görəcəksiniz ki, bunu toplamaq sadəcə mümkünsüzdür. Çünki bu gün müxalifət ciddi bir fobiya yaşayır və bu fobiyya sosial və siyasi konfliktlərlə zəngindir.
Müxalifətdə
fobiya qatları
Bu gün xatırlatdığımız kimi müxalifətin ən ciddi problemlərindən biri müxalifətdə fobiya probleminin həddindən artıq yüksək olmasıdır və bu o həddə qədər yüksəlib ki, artıq cəmiyyətdən təcridolma prosesi yaşanır. Bunun üçün öncəliklə fobiyanın nə demək olduğunu aydınlaşdıraq.
Fobiya - insanın beyninə olunan təzyiqə deyilir. Bu təzyiq insanı anormal vəziyyətə salır. Hansı isə keçmişdə olan hadisə ilə bağlı və ya gələcəkdə baş verəcək hadisə üçün narahatçılıq, insanın keçirdiyi qorxu və s. fobiyaya misal ola bilər.
Fobiyalar insanı maddi və mənəvi baxımdan yıxır. Hər bir fobiya özünə görə təhlükəlidir. Qeyd edək ki, bütün fobiyalar mahiyyətcə eynidir, lakin onlar fərqli səmtlərə yönəlir. Fobiyaların ən vacib yaranma səbəbi isə bekarçılıqdır. Təsadüfi deyildir ki, düşünən insanlarda fobiya, onların daim təfəkkürdə olduqlarına görə, əmələ gəlmir.
Fobiyaların əmələ gəlmə səbəbləri də çoxdur. Üzdən ən zərərsiz görünən şeylər də onlara necə yanaşmaqdan asılı olaraq, fobiyaya çönə bilərlər. İnsanın həyat məqsədi olmayanda, vaxtını səmərəsiz keçirəndə fobiya yaradaraq onu hər tərəfdən məhv edir. İnsan həmişə məşğul olanda, analiz edəndə heç bir fobiya ona davamlı təsir edə bilməz.
Bir növ fobiya da özünü nəyəsə inandırmaqdır. Bir insan nəyi isə çox istəyir, və özünü inandırır ki, həmin şey onda var. Bu, çox qorxuludur. Ümumiyyətlə, hər bir fobiya qorxulu və xoşagəlməzdir. Fobiyalar müflis olmağa, özündəqapanmağa, divanəliyə, hətta intihara da gətirib çıxara bilər. Ən başlıcası, fobiyaların ruha təsir etməsini, yəni onların əmələ gəlmələrini qoymaq olmaz.
Müxalifətdə
insanafobiya problemi
İnsanafobiya ümumi mənada insandan qoxmaq deməkdir. Bu gün müxalifətdə nə baş verir? Məndən olmayan mənə düşməndir. Məni kimi düşünməyən düşməndir? Və bu toplu halında qəbul olunanda artıq cəmiyyətdən kənarlaşma və az qala bir təriqət kimi yaşama prosesi baş verir. Bu gün müxalifətdə özündən aslı olmayaraq cəmiyyətdən kənarlaşıb və özünə bir meyl hiss edəndə bundan bir təşviş yaranır və nəticədə qarşılıqlı ittihamlar baş verir. Gəlin faktlara baxaq. Uzun illər AXCP hədəfə alındı ki, hakimiyyətlə iş birliyindədir və müxalifətin məğlubiyyətinin başlıca səbəbi məhz AXCP-in belə oyunlarda iştirakıdır. Bundan sonra iddia olundu ki, 2005-ci ildə əslində Müsavat müxalifətə xəyanət etdi və İsa Qəmbərin bu hərəkətinə görə müxalifət hakimiyyətə gələ bilmədi. Bunun məntiqi davamı olaraq Müsavat Ümid partiyası ilə əməkdaşlıqdan imtina etdi ki, İqbal Ağazadə hakimiyyətlə iş birliyindədir. Daha sonra “aydın” oldu ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlal oğluda hakimiyyətlə iş birliyindədir. Və yaxud götürək, son olayları . İki nəfər ictimai palatadan istefa verdi və bildirildi ki, İP hakimiyyətlə hansısa razılaşmaya gedib. Eyni formada İP-də həmin şəxsləri hakimiyyətlə əlaqədə ittihamladı. Burdan hansı nəticə çıxdı? Nəticə budur ki, müxalifət insanafobiya problemi yaşayır və öz geniş ailəsindən kənar ailələri ya qəbul etmir, ya da qəbul etdiyi zaman onlara şübhə ilə yanaşır. Nəticədə sürətlə cəmiyyətdən uzaqlaşır və bir növ sosial bazanı özündən kənarlaşdırır. Hazırda sosial şəbəkələrdə müxalifət gənclərinin debatlarında bunu daha aydın şəkildə görmək mümkündür. Qarşıdakının istəmədiyi reallığı olduğu kimi deyirsənsə və bu onu qane etmirsə deməli əslində sən artıq xəyanətkarsan. Amma problem ondadır ki, həmin şəxsin özündə bir inamsızlıq və qorxu var. Bu qorxu isə istər istəməz onda özünü müdafiə sistemini yaradır və nəticədə yenə də cəmiyyətdən uzaqlaşma baş alıb gedir.
Beləliklə siyasi qüvvələrin yaşadığı fəsadları gördük. Bəs belə məqamda cəmiyyət nədən passiv mövqe nümayiş etdirir? Ekspertlər hesab edir ki, cəmiyyətin problemləri isə əsasən sosial və siyasi konfliktlərdir
Konflikt qorxusunun
yaratdığı
gözləmə mövqeyi
Bu gün açıq şəkildə görünən məsələ budur ki, Azərbaycan cəmiyyəti artıq əsrlərdir ki, sosial və siyasi konfliktlərin məngənəsindən çıxa bilmir və buda özlüyündə ətraf mühitə bir biganəlik və ümidsizlik yaradır. Gəlin öncəliklə aydınlaşdıraq, sosial konfliktologiya nədir və həyatımızda hansı formada izlər buraxır? Sosial konfliktlər ictimai münasibətlər sisteminə aid edilən fenomendir. Sosial konflikt mənafe naminə qarşı tərəflərin, insanların, sosial qrupların və ya ictimai qüvvələrin fikir müstəvisindəki ziddiyyəti, “soyuq” qarşıdurması və fiziki mənada toq-quşması deməkdir. Lakin, sosial konfliktə verilən bu tərif yəqin ki, onun mahiyyətinin bir tərəfini işıqlandıra bilər. Bunu nəzərə aldıqda tərif belə bir şəkil alır: Sosial konflikt mənafe naminə qarşı tərəflərin, insanların, sosial qrupların və ya ictimai qüvvələrin sosial bərabərsizlik zəminində əmələ gələn narazılıqlarının fikir müstəvisindəki ziddiyyətə, “soyuq” qarşıdurma və fiziki mənada toqquşmaya transformasiyası deməkdir.Bu gün isə bunu tam çılpaqlığı ilə yaşayırıq və bunun məntiqi nəticəsi olaraq boşanmaları, intiharları, regionçuluğun zaman-zaman inkişafını görürük. Sosial konfliktlər həm də ona görə təhlükəlidir ki, bu şəxsi müstəviyyə keçəndən sonra cəmiyyət üçün gərəklilik azalır və passiv gücə çevrilməyə başlayır. Digər tərəfdən isə ortada bir siyasi konfliktdə var ki, buda təsirsiz ötüşmür.Amma siyasi konfliktlərə toxunmamışdan öncə bunu da vurğulayaq ki, hazırda sosial konfliktlərin dərinləşməsinə görə həm də siniflərarası konfliktlər yaşamaqdayıq. Konfliktin bu tipi daha çox sosial təbəqə-ləşmənin güclü olduğu qeyri-sabit siyasi sistemli ölkələr üçün xarakterikdir. İndi isə qayıdaq siyasi konfliktlərə. Artıq neçə əsrlərdir ki, azərbaycanlı kəsimi Ermənistan respublikasının Azərbaycana torpaq iddiası, Rusiyanın şimal bölgəsində Ləzgistan yaratma iddiası və buna görə bir neçə Azərbaycan rayonuna olunan iddia, Cənubi Azərbaycan probleminin mövcudluğu və həll olunmaması və nəhayətdə Dağlıq Qarabağ probleminin hələ də yaşanması istər istəməz toplumun psixikasına ciddi təsir edir və buda özlüyündə bir inamsızlıq sindiromu formalaşdırır. Bekləliklə gördüyünüz kimi ölkənin siyasi təbəqələrinin psixoloji düzəni heç də qaydasında deyil və bu gün yaşanan bir sıra problemlərin mahiyyəti də məhz bununla bağlıdır.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00