Şahin Mustafayev "güzəştli kreditləri" kimə güzəştə gedib?
12:59 21-11-2012
İQTİSADİYYAT
Şahin Mustafayev "güzəştli kreditləri" kimə güzəştə gedib?
İqtisadi inkişaf naziri ilə bağlı ciddi iradlar var
Bu günlərdə iqtisadi inkişaf naziri Şahin Mustafayevin bu vəzifəyə təyinat almasından 4 il keçdi. Heydər Babayevdən sonra bu posta Mustafayevin təyinatı xeyli gözlənilməz olmuşdu.
Aradan 4 il keçib və əksəriyyətin fikrincə, iqtisdi inkişaf naziri hökumətin ən dişsiz, zəif fiqurlarından biridir, o oliqarxların, iri biznes adamlarının tam təsiri altındadır. Buna nümunə olaraq kifayət qədər faktlar da göstərmək olar.
Məsələn, Mübariz Mənsimov dondurma fabriki açır, Şahin Mustafayev dərhal dondurma istehsal edən şirkətlərdə yoxlamalara başlayır, həmin şirkətləri ya qapadır, ya da külli miqdarda cərimələyir. Abdolbari Goozal duz zavodu açır, Şahin Mustafayevin nazirliyi dərhal qolunu çırmayıb duz istehsalı ilə məşğul olan müəssisələri sıradan çıxarmağa başlayır.
Oxşar iradlar İqtisadi İnkişaf Nzirliyinə bağlı olaraq çalışan Sahibkarlara Kömək Milli Fondunun fəaliyyəti ilə də əlaqədardır. Bəzi iddilara görə, Sahibkarlara Kömək Milli Fondu, Mustafayevin "xeyir-duası" sayəsində iş adamlarına kömək edən qurumdan çox, onlara ayrılan pulları "yerbəyer" edən quruma çevrilib.
Bu haqda mətbuatda çox yazılıb, təkrarlamaq istəməzdik. Yalnız qeyd edək ki, Fonddan himayəsi olmayan şəxslərin kredit alması qeyri-mümkündür. Ya himayən olmalıdır, ya da "şapka" verməlisən. Bəzi məlumatlara görə, məbləğin 25-30 faizinin "şapka" şəklində geri alındığı bildirilir. "Şapka"ların yüksək olması isə iş adamlarının bu kreditdən imtina etməsinə səbəb olur. Nəticədə dövlətin güzəştli kreditlərindən Şahin Müstafayevin yaxınları və tanışları faydalanır.
Başqa iddialara görə isə bu, o qədər də doğru fərziyyə deyil, məsələ burasındadır ki, bir çox rayonlarda sahibkarlara güzəştli kreditlərin verilməsi Şahin Mustafayevin iradəsindən kənarda baş verir. Belə ki, hansısa oliqarxın nəzarətindəki (kurasiysındakı) rayonda və ya arxasında güclü əlin dayandığı icra başçısının rəhbərlik etdiyi rayonlarda güzəştli kreditlər verilərkən onu alacaq sahibkarların siyahısı bir qayda olaraq Fondun iradəsindən kənar hazırlanır, həmin siyahıya elə rayonu kurasiya edən oliqarx və onların təyin etdirdikləri icra başçılarına yaxın, şərikli sahibkarların adları salınır.
Üstəlik, hər hansı rayona ayrılan güzəştli kreditlərin ümumi məbləği müəyyənləşdirilərkən də iqtisadi inkişaf nazirinə deyiləcək söz qalmır. Oliqarxların basqısı altında Şahin Mustafayev onların kurasiya etdiyi rayonlara elə onların arzuladıqları qədər məbləğin ayrılmasına qeyri-şərtsiz razılaşır.
Bir sözlə, Şahin Mustafayevin mövqeləri o qədər zəifdir ki, onun hazırki hökumətdə uzun müddət tab gətirəcəyinə inanmaq çətindir. Onun çox keçmədən bu postdan uzaqlaşdırılacağını düşünənlər çoxdur, bəziləri isə hesab edir ki, hazırda iqtisadi inkişaf naziri öz xələflərindən - Fərhad Əliyev və Heydər Babayevdən fərqli olaraq hədsiz dərəcədə üzüyoladır, iri məmurların maraqlarını həvəslə müdafiə edir, onların bir sözünü iki eləmir, odur ki, Şahin Mustafayevin indiki postunda qalması hər kəsə sərfəlidir.
Azər Aslan
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53