Siyalə Rüstəmova "Unikal"a məktub göndərdi...
Siyalə Rüstəmova "Unikal"a məktub göndərdi...

"Unikal" qəzetinin dünən ki, sayında Dövlət Baytarlıq Xidməti ilə bağlı araşdırma yazı dərc olunmuşdur. Yazıya DBX-dən rəsmi reaksiya gəlib. "Unikal" qəzeti olaraq qarşı tərəfin cavab haqqını tanıma prinsipinə sadiq qalaraq məktubu olduğu kimi dərc edirik.

Məktubda qeyd olunur:-"Sizin qəzetin 20.11.2012-ci il tarixli ¹ 198(535) nömrəli saylında " Baytarlıq Xidmətində milyonluq maxinasiya necə reallaşır?" başlığı altında dərc edilmiş məqaləyə dair bildiririk ki, Dövlət Baytarlıq Xidməti tərəfindən dəfələrlə Bakı şəhərində heyvan kəsimi, ət tədarükü və satışı məntəqələrində, eləcə də bazarlarda qanunvericiliyin tələblərinə uyğun KİV nümayəndələrinin iştirakı ilə reyd keçirmışdir. Bu reydlərin keçirilməsində əsas məqsəd əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi, eyni zamanda heyvanlardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınması olmuşdur.
Yuxarıda adları çəkilən obyektlərdə keçirilən reydlərdə baytarlıq-sanitariya qaydalarının pozulmadığı, müxtəlif rayonlardan heyvan və heyvan mənşəli məhsulların baytarlıq sənədləri əsasında gətirildiyi, eləcə də əhaliyə satılan heyvan ətlərinin baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının müayinəsindən keçirildiyi aşkar olunmuşdur (Baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında aparılan müayinələr Azərbaycan Respublikasının Tarifləri (QİYMƏT) Şurasını 2007-ci il 26 iyul tarixli 17 saylı Qərarı ilə müəyyən edilmiş preyskuranta uyğun həyata keçilir.). Həmin reydlərdə xırda nöqsanlara rast gəlinsə də onların aradan qaldırılması baytarlıq mütəxəssislərindən tələb edilmiş və lazımi tövsiyələr verilmişdir.
Onu da xatırladaq ki, indiyə kimi Dövlət Baytarlıq Xidməti adıçəkilən obyektlərdə "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə cavab verməyən məhsulların satışına icazə verməmiş və üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışmışdır.
Məqalədə isə əksinə, bazarlarda baş alıb gedən antisanitariyadan, bu obyektlərdə ölmüş və ya xəstə heyvan ətinin satılmasından və bunlara nəyin müqabilində göz yumulmasından söhbət açılır. Dövlət Baytarlıq Xidməti bu fikirləri və bütövlükdə məqalədə verilənləri qəbuledilməz hesab edir, görülmüş və görülməkdə olan işlərə qarayaxma kimi dəyərləndirir.
Sonda onu da qeyd etməyi vacib hesab edirik ki, məqalədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin fəaliyyəti və rəhbəri haqqında qeyd olunun qərəzli fikirləri də qəbul etmir, göstərilənləri obyektivlikdən uzaq hesab edirik".
P.S. Amma, bunu da nəzərinizə çatıdraq ki, DBX ilə bağlı daha ilginc faktlar, həmçinin saxta diplomlu şəxslərin bu təşkilatda işləmələri ilə bağlı redaksiyamıza faktlar daxil olub və yaxın saylarımızda bu məlumatlarıda nəzərinizə çatdıracağıq.
“Unikal”