Region gücləri bir arada
12:47 27-11-2012
CƏMİYYƏT
Region gücləri bir arada
Üç ölkə yeni sənədlər imzalaya bilər
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyənin Ərzurum şəhərində keçiriləcək.
Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu açıqlama verib.Onun sözlərinə görə, Elmar Məmmədyarov və Əli Əkbər Salehi ilə görüşü noyabrın 28-də ABŞ-a səfər etməzdən öncə baş tutacaq: "Fələstinin BMT-yə etdiyi müraciətə əsasən noyabrın 29-da Nyu-Yorkda BMT Baş Assambleyasının yığıncağında iştirakımız lazım gələ bilər. Böyük ehtimalla bir neçə nazirlə birlikdə Fələstinə dəstək üçün toplantıya qatılacağıq".
Qeyd edək ki, İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşündə əsasən regional məsələlər müzakirə ediləcək.Bu formatda ilk görüş İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, ikincisi isə Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçirilib. Maraqlıdır, bu görüş hansı nəticələrin əldə olunmasına imkan yaradacaq? Qeyd edək ki, bundan öncə ki, görüş heç də uğurlu olmamışdı və həmin vaxt Azərbaycan-İran, İran-Türkiyə münasibətləri çox gərgin idi və İran tərəfi heç bir izahat vermədən iki azərbaycanlı şairi qeyri-qanuni həbs etmişdir. Bununla yanaşı İran-Türkiyə münasibətləri də sərt idi və İran açıqca PKK-ya dəstək verəcəyini bildirmişdir. Buna görə də görüşlər o qədər də effektli olmadı. Hətta görüşdən iki gün sonra İran rəsmiləri Azərbaycanı az qala terrorla hədələdilər. İndi isə vəziyyət dəyişib və bu görüşlər kifayət qədər maraqlı məqamlarla müşahidə oluna bilər. İlk növbədə tərəflər sözsüz ki, Fələstin problemini müzakirə edib, birgə fəaliyyətlə bağlı qərar çıxaracaqlar. Çünki bu məsələdə İranla Türkiyənin maraqları üst-üstə düşür. Azərbaycan isə hesab edir ki, Fələstin problemi BMT səviyyəsində müzakirə edilib, həllini tapmalıdır. Bütün bunlar isə təsdiqləyir ki, Fələstin məsələsinin müzakirəsində tərəfləri narazı salacaq heç bir detal yoxdur. Bundan başqa görüşdə sözsüz ki, Suriya məsələsi də müzakirə olunacaq. Bu məsələdə Azərbaycanın konkret maraqları olmadığından əsas müzakirə İran və Türkiyə tərəfi arasında aparılacaq. Çünki bu gün İran Əsəd rejimini nə cür müdafiə edirsə, Türkiyədə Suriya müxalifətini o cür dəstəkləyir. Belə olan halda ortada ciddi ziddiyətlər var və tərəflər çalışacaqlar ki, bu məsələdə də ortaq məxrəcə gəlsinlər. Çünki Türkiyənin Suriyaya hərbi müdaxilə etməsi məsələsi an məsələsidir və İran bundan çox narahatdır. Nəhayət görüşdə Azərbaycan-İran münasibətləri də yenidən müzakirə olunacaq. Reallıq budur ki, hazırda iki ölkə münasibətlərində ciddi bir ziddiyətlər yoxdur və demək olar ki, münasibətlərdə müəyyən qədər yumşalmalarda var. Amma bununla yanaşı gərginlik yaradacaq səbəblər var və istənilən an bu səbəblər yenidən aktivləşə bilər. Məsələn, İran öz ölkəsində zəlzələdən ziyan çəkən azərbaycanlılara qarşı ciddi biganəlik göstərir və bununla bağlı Azərbaycan tərəfi dəfələrlə etirazını bildirib. Və yaxud İran-Ermənistan münasibətləri də Azərbaycanı narahat edən mövzudur və İran Azərbaycan tərəfinin etirazlarına baxmayaraq Ermənistanla əlaqələri daha da inkişaf etdirir, Ermənistanla birlikdə Azərbaycanın işğal edilmiş bölgələrində müəyyən layihələri həyata keçirirlər. Elə Cəbrayıl rayonunda Ermənistanla birlikdə Su elektrik stansiyasını inşa etmələri də faktdır. Görüşdə sözsüz ki, bu məsələlər bir daha ciddi müzakirə olunacaq. Ekspertlər hesab edir ki, görüşdə həmçinin Suriyada Əsəd rejimindən sonrakı periodda ciddi dartışılacaq. Çünki əksər ekspertlər hesab edir ki, Suriyanın iflasından sonra hədəf İran olacaq. İranın hədəfə alınması mövzusu isə aktuallaşan kimi Azərbaycan yada düşür. Çünki bir sıra qərb mütəxəssisləri hesab edir ki, İrana zərbə vurmaq üçün Azərbaycandan istifadə olunacaq. Məhz bu fikirlərə İran rəsmiləri ciddi yanaşdığından iki ölkə münasibətləri kifayət qədər gərginləşmişdi. Ekspertlər hesab edir ki, bu görüşdə məlum məsələlər yenidən müzakirəyə çıxarılacaq və bununla bağlı hətta xüsusi sənədin imzalanması da gözlənilir. Xatırlayırsınızsa ilk görüşdə hər üç ölkənin xarici işlər nazirləri sənəd imzalamışdılar. Həmin sənəddə göstərilirdi ki, tərəflər bir-birinə qarşı hər hansı bir əməliyyatda iştirak etməyəcək, həmçinin öz ərqazilərindən digərinə qarşı istifadəyə də yol verməyəcəklər. Ekspertlər hesab edir ki, bu görüşdə də həmin sənədə yenidən baxılacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00