Bir neçə gündür ki, Lənkəran və Liman şəhərləri ərazisində daxili yolların təmir-bərpa işlərinə başlanılıb. Ümumi uzunluğu 4.6 km olmaqla 8 küçədə yollara 25000m2 isti  asfalt döşənilməsi işləri aparılır.   

Görülən işlər  2020-ci ilin büdcə vəsaitləri hesabına həyata keçirilir. Əsaslı şəkildə təmir olunacaq küçələrdə qabaqcadan texnikaların köməyi ilə torpaqlama işləri aparılıb. Yolların yataq hissəsinə çınqıl döşənilərək torpaq kipləşdirilib.

Aparılan təmir-tikinti işləri çərçivəsində əvvəllər asfalt örtüyü olan və sıradan çıxan hissələrində köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək hamarlanır. Daha sonra yeni asfalt-beton örtüyü döşənir. Hazırda bu iş davam etdirilir. Yolların təmirini Lənkəran Yol Tikinti ASC həyata keçirir. 

Unikal.org xəbər verir ki, uzun illərdən bəri mövcud olan yol problemlərinin aradan qaldırılması sakinlərin ürəyincə olub. Sakinlərdən  Xamməd Əbilov, Əli Abidov, Fərid Heydərov  və digərləri rayon rəhbərliyi tərəfindən yaşadıqları küçənin əsaslı təmir olunmasına rayon büdcəsindən vəsaitin ayrılmasına görə, xüsusilə də ölkədə aparılan tikinti-quruculuq işlərinə, həyata keçirilən Dövlət Proqramlarının təşəbbüskarı kimi cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Şəhərin 28 may küçəsində  aparılan təmir-bərpa işlərinin vəziyyəti ilə yerində tanış olan  Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşov məhəllə sakinləri ilə salamlaşıb. Onların təkliflərini dinləyib. Sakinlərə bildirib ki,  kanalizasiya xətlərinin də əsaslı şəkildə yenidən qurulması istiqamətində Dövlət Proqramının icrası nəzərdə tutulub. 

İcra başçısı COVİD-19 pandemiyası dövründə bütün dünya iqtisadiyyatında geriləmə olduğu bir vaxtda ölkəmizdə sosial layihələrin icrasının davam etdirildiyini qeyd edib. Bildirib ki, ölkə başçısı vətəndaşların  soaial rifahının təmin olunması ilə yanaşı onların sağlamlıqlarının da qayğısına qalır. Eyni zamanda vətəndaşların da karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməsi, tibbi-mühafizə vasitələrindən  istifadə ediməsini, təmas məsafəsinin gözlənilməsinin vacibliyi mühüm şərtdir. İcra başçısı  sakinləri bütün bunlara riayət etməyə çağırıb.