Rafiq Tağı mükafatı ətrafında mübahisə qopdu
12:49 28-11-2012
CƏMİYYƏT
Rafiq Tağı mükafatı ətrafında mübahisə qopdu
Elnur Astanbəylinin ödülə layiq görülməsi aranı qarışdırdı
Noyabrın 23-də "Dalğa" Gənclər Hərəkatının (GH) Dalğa plazada Rafiq Tağı şəxsiyyətini əbədiləşdirmək naminə verdiyi Rafiq Tağı Mükafatına Ağalar Məmmədov, Elnur Astanbəyli və Seymur Baycan layiq görüldülər. Halbuki, Rafiq Tağı ölümündən bir neçə ay əvvəl yazdığı yazıda Elnur Astanbəylini "Azərbaycanın vətəndaşlıq qüsuru", "qəzet qonorarından doğan inqilabçı" adlandırıb. Bu ziddiyyət özü ilə bərabər bir sıra suallar doğurub.
Bununla bağlı Azərbaycan Avropa Hərəkatının sədri, "Dalğa" GH-nin keçmiş sədri Ramin Hacılı publika.az-a belə açıqlama verdi: "Mənə elə gəlir ki, onlar hamısı bu mükafata layiqdirlər. Ağalar Məmmədov Azərbaycanda maarifçilik hərəkatının öncüllərindən biridir. Onun tezisləri cəmiyyətdə müzakirələrə səbəb olur. Biz müzakirənin olmasını istəyirik və Ağalar Məmmədovun bu mükafata layiq görülməsini təqdirə layiq hesab edirik. Elnur Astanbəyliyə gəldikdə isə o, ardıcıl olaraq cəsarət nümayiş elətdirir. Onun təkcə bir məqaləsi kifayət edir ki, biz onu bu mükafata layiq görək. Elnur Astanbəylinin məqalələri nümunə yaradacaq məqalələrdir. O məqalələrində ölkədə nə baş verdiyini çox gözəl izah edir. Mən düşünürəm ki, o, ikili həyat yaşamayan, həyatı ilə fəaliyyətini birləşdirən nümunədir . Seymur Baycansa Azərbaycanda ən çox müzakirə olunan yazarlardandır".
O ki qaldı Rafiq Tağı ilə Elnur Astanbəyli arasında vaxtilə yaşanmış polemika zamanı mərhum yazıçının sonuncu haqda fikirlərinə, bu haqda Ramin Hacılı belə deyib: "Bu, elə ən düzgünüdür. Ən gözəl mesaj da budur. Mənim bunların hamısından xəbərim var. Əsas məqsəd də budur. Bu, sizin tərəfinizdən çox ciddi tapıntıdır və bu suala görə sizə xüsusi təşəkkür edirəm. Biz insanlar arasında müzakirənin tərəfdarıyıq, biz mediada bir-birinə əks fikirlər söyləyən insanların çox olmasının tərəfdarıyıq. Necə ki, Hegel ilə Kant arasında olan müzakirə həm də bir rəqabət idi. Bunlar olmasaydı, alman fəlsəfəsi bəlkə də bu inkişafa nail olmazdı. Rafiq Tağının elə yazısı var ki, mən də onunla razılaşmamışam, öz etirazımı bildirmişəm. Rafiq Tağının mənim haqqımda da neqativ yazıları var. Bu heç nəyi dəyişmir, biz əgər insanlara buna görə qiymət verəcəyiksə, bu, artıq demokratiya denil. Biz dözüm göstərməliyik. Rafiq Tağı bıçaqlananda xəstəxanaya gedən ilk insanlardan bir elə Elnur Astanbəyli olub. Rafiq Tağının Elnur Astanbəyliyə nə deməsindən asılı olmayaraq Elnur Astanbəyli Rafiq Tağını söz adamı, fikir adamı kimi dəstəkləyir və vacib olan budur".
"Dalğa" Gənclər Hərəkatının sədri Saleh Mehdizadə isə publika.az-a açıqlamasında problemə belə yanaşıb: "Biz Rafiq Tağı mükafatını, son bir ildə Azərbaycanda aydınlanma işində aktiv fəaliyyət göstərən, ümumbəşəri dəyərlərin təbliğini həyata keçirən, köhnəlmiş və mahiyyətində totalitarizm olan ənənələrə qarşı intellektual mübarizə aparan və öz fikirlərini çəkinmədən cəsarətlə ifadə edən insanlara verməyə çalışdıq. Təbii ki, bu mükafata layiq olan bir çox adam var idi və bizim seçimimiz mütləq həqiqət deyil. Amma mükafatı alan insanların da bu mükafata layiq olmadığını iddia etmək doğru deyil. Bu qərar tələm-tələsik verilməyib, biz ən azı bir ay mükafatı kimə verəcəyimiz barədə müzakirələr etmişik. Rafiq Tağı ilə Elnur Astanbəyli arasında fikir mübarizəsinin olduğundan və onların bir-birinə qarşı yazılar yazdığından xəbərimiz var idi. Amma məsələ onadır ki, biz mükafatı insanlara Rafiq Tağını ideallaşdırdığı üçün verməmişik. Düşüncə sahibi insanlar arasında belə halların olması normaldır. Böyük fransız aydını Volterə ən sərt qarşı çıxan Russo olmuşdu, indi kimsə iddia edə bilərmi ki, Russo Volterə qarşı çıxdığı üçün heç nəyə layiq deyil. Russo nəinki Volterə, hətta aydınlanma fəlsəfəsinə qarşı çıxırdı. Ona görə də iki aydın arasında bu cür mübahisələrin olmasını təbii qarşılamaq lazımdı. Müxtəlif fikirlilik bizim dəyərimiz olmalıdır".
Rafiq Tağı mükafatının sahibi Elnur Astanbəyli isə konkret münasibət bildirib: "Mənim Rafiq Tağı ilə aramızda hansısa məsələdə fikir ayrılığı olduğunu, bir-birimiz əleyhinə yazılar yazdığımızı qeyd edirlər, bəs Səməd Vurğun haqqıqnda kəskin fikirlərinə görə Rafiq bəy linç ediləndə onun müdafiəsinə ilk mənim qalxdığımı, AYB-dən çıxarılanda bu haqda etiraz olaraq ən ağır yazını mənim yazdığımı və AYB-nin Rafiq Tağını unudub mənim barədə təhqiramiz bəyanat verdiyini, Rafiq Tağı həbs edilərkən onun müdafiəsinə yalnız mənim redaktoru olduğum qəzetin üstləndiyini, bununla kifayətlənməyib, başqa qəzetlərə də Rafiq Tağı barədə müdafiə xarakterli yazılar yazıb göndərdiyimi, Rafiq bəyin elə 60 yaşı ilə bağlı verdiyi "Azadlıq" qəzetindəki son müsahibəsində haqqımdakı xoş sözlərini ("Onun yazılarını elə öz yazılarım kimi oxuyuram"), hətta aramızdakı mübahisədən sonra ad günümdə mənə yazdığı duyğusal təbriki, ölümündən sonra onun qətlinə gərəkən təpkini vermədiyi üçün yazdığım sərt yazı üzərindən müxalifətdəki xeyli adamlarla polemika yaşadığımı, bu bir ildə onun qətli və qatillərinin tapılmaması üzərinə ən kəskin tonda dönə-dönə yazılar yazan tək-tük adamlardan biri olduğumu olduğumu niyə qeyd etmirsiniz?!".
Millət vəkili Fazil Mustafa isə publika.az-a açıqlamasında hər üç şəxsi mükafat layiq görmədiyini bildirib: "Verilən şəxslərin üçü də mənim üçün qorxaq insanlar kateqoriyasına aiddirlər. Məsələn, Ağalar Məmmədov qorxaqlıq nümayiş etdirərək Almaniyaya çıxıb getdi, indi də "həyatıma təhlükə vardı" deyə özünə bəraət qazandırır. Çıxıb getmək heç də çıxış yolu deyil. Elnur Astanbəyli və Seymur Baycan da təbiətcə qorxaq insanlardırlar. Rafiq Tağı Mükafatına onların layiq görülməsini mən Rafiq Tağı ruhuna hörmətsizlik kimi qiymətləndirirəm. Onun müəmmalı şəkildə qətli bütün hallarda cəmiyyətin intellektual kəsiminə qarşı törədilmiş cinayətdir. Bu cür insanın adına olan mükafatın belə dəyərsiz insanlara verilməsi hörmətsizlikdir. Bunu "Dalğa" ola bilər ki, səmimi şəkildə edib, ya da ki bu, təcrübəsizlikdən irəli gəlib. Hər hansı şəxsin yazı yazması o demək deyil k, onlar cəsarət nümunəsidirlər. Mən onları bu mükafata tamamilə layiq bilmirəm".
Qumru Abdullazadə
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27