Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
Unikal.org məlumat verir ki, iclasda Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Məhkəmə-Hüquq Şurası haqqında” dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.
Qeyd olunub ki, bu dəyişikliklər bir neçə istiqamət üzrə hazırlanıb. Birinci istiqamət Prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırıqların icrası ilə bağlıdır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklər “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılmasını və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibini nəzərdə tutur.
Növbəti istiqamət cinayət mühakimə icraatında kassasiya şikayəti icraatının təkmilləşdirilməsindən ibarətdir. Digər istiqamət isə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın prosessual qaydaları ilə bağlıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə həmin qaydaları ehtiva edən yeni 59-cu fəslin əlavə edilməsi təklif olunur. Bu qanun layihəsinin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.
“Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən qanunun 13.3-1-ci maddəsinin birinci cümləsinə “o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar” sözləri əlavə edilir.
Qeyd olunan əlavədən sonra buradakı fikir aşağıdakı şəkildə səslənəcək: “Hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir”.
Bu dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini daşıyır.