Baş Prokurorluq Bakı şəhər prokurorluğunun əməkdaşının koronavirusdan ölməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Unikal.org-a daxil olan məlumatda bildirilir ki, bəzi Kütləvi İnformasiya Vasitələrində Bakı şəhər prokurorluğunun əməkdaşı Yusif Səməndərovun guya yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxması səbəbindən vəfat etməsi barədə yalan məlumatlar yayılıb.

 Kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Aparılmış araşdırmalarla Yusif Səməndərovun “kəskin ürək və tənəffüs çatışmazlığı” diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə daxil olması və həmin xəstəlikdən mayın 31-də vəfat etməsi, eyni zamanda onun koronavirus test nəticəsinin neqativ çıxması müəyyənləşdirilib.

Baş Prokurorluq KİV-ə bir daha xəbərdarlıq edir ki, bu qəbildən olan yalan informasiyaların yayılmasını həyata keçirən KİV-lər barəsində ən ciddi tədbirlər görüləcək.