ABŞ diplomatlarının qorxusu
12:44 05-12-2012
İQTİSADİYYAT
ABŞ diplomatlarının qorxusu
"Bakıdakı səfirliyimiz daim terror təhdidi ilə üzləşsə də, Azərbaycan təhlükəsizlik orqanları ilə birlikdə bu təhlükələri sovuşdurmuşuq"
Son zamanlar əsasən ABŞ və İsrail Azərbaycanla bağlı həyacanlı xəbərlər bildirir və bu ölkədə yaşayan vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıqlar edir. Amma bu xəbərdarlıqların mahiyyəti haqqında heç bir açıqlama verilmirdi. Ümumilikdə götürəndə isə aydın idi ki, hər iki ölkə qonşu İranın fəaliyyətindən narahat olur və illər öncə İran xəfiyyəsinin və Əl-Kaidanın ABŞ və İsrail səfirliklərinə qarşı terror aksiyası keçirtməyə cəhd etdiklərinin üstü açılmışdı. Bu yaxınlarda Azərbaycanda "Eurovision" Mahnı Müsabiqəsi keçirilən zamanda belə gərginliklər yaşandı və Azərbaycan kəşfiyyat orqanları bir neçə gün ərzində 40-a qədər terroristi həbs edə bildilər. İndi isə Azərbaycanda səfir olmuş Metyu Brayza yaşadıqları terror qorxularına aydınlıq gətirib.
2011-2012 illərdə ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışan Metyu Brayzanın "Wall Street Journall"da Bakıdakı səfirliyin təhlükəsizliyi ilə bağlı "Müdafiəsi zəifləmiş səfirlikdəki təcrübəm" (My Experience With Lax Embassy Security) adlı məqaləsi dərc olunub. Metyu Brayza məqalədə ilk öncə ABŞ-ın Liviyadakı səfiri Kris Stivensin sentyabrın 11-də ABŞ-da çəkilən antiislam xarakterli filmə etiraz edən aksiya iştirakçıları tərəfindən öldürülməsini xatırladır: "Bu hadisədən əvvəl Kris Stivens səfirliyin müdafiəsinin gücləndirilməsi ilə bağlı bir dəfə Liviya rəsmilərinə, bir dəfə isə ABŞ Dövlət Departamentinə müraciət edib. Lakin onun istəyi yerinə yetirilməyib. Azərbaycanda səfir olduğum müddətdə səfirliyimiz daim terror təhlükələri ilə üzləşirdi. Terrorçular İsrail və ABŞ diplomatlarını qətlə yetirmək istəyirdilər. O zaman anladım ki biz bu təhdid qarşısında necə aciz qala bilərik".
Daha sonra Metyu Brayza səfirliyin müdafiəsinin təşkili barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan təhlükəsizlik orqanları səfirliyin əməkdaşları və ABŞ-la əməkdaşlıq etməklə təhlükələri sovuşdurmağa nail olublar. Bu əməkdaşlıq yerli hökumətlərin xarici diplomatik nümayəndəliklərin müdafiəsi ilə bağlı Cenevrə Konvensiyası çərçivəsində həyata keçirilib: "Lakin Liviyada təhlükəsizlik qüvvələri Kris Stivensini və onun əməkdaşlarını qorumaq üçün lazımı tədbirləri görməyiblər".
Sabiq səfir Metyu Brayza ABŞ-ın səfirliklərin təhlükəsizlik məsələsində Dövlət Departamentində mövcud olan bürokratik sistemə də toxunub: "Müəyyən bir anda xəbər aldım ki, büdcə məsələlərinə görə Dövlət Departamenti səfirliyimizin təhlükəsizliyi üçün ayrılan vəsaiti azaltmaq niyyətindədir. Mən dərhal səfirliyin təhlükəsizlik rəhbərinə bu barədə dedim və bunun qarşısını almaq üçün tədbirlər görməyə çalışdım. Narazılığımı bildirdikdən sonra məsələ həll olundu, amma təxminən iki həftə ərzində diplomatlar və onların ailəsi təhlükə ilə üz-üzə qaldılar".
"ABŞ-da hər bir yüksək rütbəli rəsmisi razılaşır ki, diplomatik nümayəndəliyin işçilərinin təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Lakin Vaşinqtona qayıtdıqdan sonra gözləyirdim ki, rəsmilər öz bu səhvlərini anlayarlar. Lakin başa düşdüm ki, dövlət ayrılmış vəsaitin çoxunu Bağdad və Kabildə yerləşən səfirliklərin təhlükəsizliyi üçün sərf edir. Vəsaitlərin azalması çox böyük problemlərə gətirib çıxara bilər. 2001-ci ildə Federal Kəşfiyyat Bürosundan bir noutbuk oğurlanıb. O zaman Dövlət Departamenti informasiya müdafiəsi üçün küllü miqdarda pullar ayırıb. Maraqlısı odur ki, Dövlət Departamentinin bunun üçün pulu var, amma bu informasiyanı yaradan və ötürən insanların təhlükəsizliyi üçün isə vəsait tapa bilmir. Bundan sonra atılacaq bu cür addımlar səfir Kristofer Stivensin və digər öldürülən diplomatların xatirəsinə hörmətsizlik olar".
Çox maraqlıdır ki, İsraildən fərqli olaraq ABŞ hər zaman səfirliklərinin təhlükəsizliyini təmin edə bilməyib və dəfələrlə diplomatlar bunun bədəlini ödəyiblər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00