“Bizə müraciət edən vətəndaşların hamısı bu gün Dövlət Xidmətində qeydiyyatdadırlar. Hər bir vətəndaş düşünməlidir ki, icazəsiz evi tərk edirsə, idarə və bölmələrin qarşısında toplaşıb kimlərisə yoluxdurursa, insan özü buna qiymət verməlidir. Bu gün kimisə yoluxdurmaq bizə, dövlətimizə lazım deyil”.

Unikal.org-un məlumatına görə, bunu bu gün mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.
 
A. Rəhimov deyib ki, hərbi hissələrdən daxil olan hər bir sifariş yüksək səviyyədə icra olunacaq : “Hər bir vətəndaşın borcu Vətən qarşısında xidmət etməkdir. Hazırda iyul çağırışını həyata keçiririk. Bu gün hər bir çağırışçı Dövlət Xidmətinin şöbələrinə daxil olarkən maska ilə təmin olunur, hərarəti ölçülür. Şəxsi heyət daşınan bütün avtobuslar dezinfeksiya olunub. Hər bir çağırışçı ilkin tədbirlər keçdikdən sonra hərbi hissələrə yola salınır. Hərbi hissələrdən qayıdan şəxslər isə TƏBİB tərəfindən müayinə olunur, testdən keçirilir. Xəstəlik aşkarlanan şəxslər xəstəxanaya yerləşdirilir”.