Misir Mərdanovun yerinə sürpriz namizəd
10:55 14-12-2012
CƏMİYYƏT
Misir Mərdanovun yerinə sürpriz namizəd
Səməd Seyidovun niyə korrupsiya ittihamı ilə vurulduğunun səbəbi bilindi
Azərbaycan təhsilinin keyfiyyətində ciddi problemlərin olduğu dəfələrlə vurğulanıb. Xüsusilə də, orta təhsil məktəblərində şagirdlərin bilik səviyyəsinin aşağı olması rəsmilər tərəfindən də təsdiqlənib. Təhsil sisteminin nə vəziyyətdə olduğunu əyani şəkildə görmək üçün birinci sinfə qədəm basmaq kifayətdir.
Bura təhsil sahəsindəki rüşvətxorluq, intizamsızlıq, savadsızlıq və ayrı-seçkilik nərdivanının ilk pilləsidir. Bu pillədən başlayan neqativ hallar bütün strukturları əhatə etməklə nazirliyə qədər yüksəlir.
Valideynlər uzun illərdi təhsil sahəsindəki problemlərin həll olunacağını, Təhsil Nazirliyində köklü islahatların aparılmasını gözləyirdilər. Gözləntilər arasında nazir Misir Mərdanovun da vəzifəsindən azad edilməsi faktoru olub.
Ötən il yeni dərs ilinin başlanğıcında prezidentin sərəncamı ilə təhsil nazirinin müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova işdən çıxarıldı. Bu barədə sərəncamdan az öncə isə nazir Misir Mərdanov postundan getməyə hazır olduğuna işarə vurmuşdu: "Heç kəs vəzifəsində əbədi deyil və vəzifədən getməyi faciə hesab etməməlidir. Əsas odur ki, vəzifədən şərəflə gedəsən. Vəzifə heç kəsin adına daimi yazılmayıb.
Hamı bu işə hazır olmalıdır. Heç kəs hesab etməməlidir, o cümlədən mən də hesab etmirəm ki, əvəzolunmaz adamam. Azərbaycanda məndən də bacarıqlı, bilikli, səriştəli kifayət qədər adam var". Amma sonradan Mərdanovun müavinlərini "qurban" verərək postunu qoruya bildiyi aydınlaşdı.
Zaman-zaman isə Mərdanovu təhsil naziri vəzifəsində əvəzləyəcək çeşidli şəxslərin adları hallanıb. Burada nazirlə uzun illərdir qovğada olan TQDK sədri Məleykə Abbaszadənin də, millət vəkili Qənirə Paşayevanın da, "Azərbaycan"Universitetinin keçmiş rektoru Səlahəddin Xəlilovun da adlarının keçdiyini vurğulayaq.
Dünən isə bu mövzuda redaksiyamıza maraqlı bir məlumat daxil olub. Məlumatda deyilir ki, təhsil naziri postuna sürpriz namizəd var. Bu, Dillər Universitetinin rektoru, deputat Səməd Seyidovdur.
Təhsil sektoruna yaxın olan mənbə bildirib ki, Seyidovun yeni dərs ilinin ilk günlərində təhsil naziri təyinatının gerçəkləşməsi gözlənilirmiş, amma onun və universitetinin adı ətrafında korrupsiya qalmaqalı məsələni yubadıb. "Maraqlıdır ki, dərs ilinin başlamasına bir neçə gün qalmış Hesablama Palatası Azərbaycan Dövlət Dillər Universitetində (ADDU) aşkar olunmuş korrupsiya faktları ilə bağlı Baş Prokurorluğa təqdimat göndərir. Ardınca həmin təqdimat üzrə cinayət işi başlanır. Prosesin məhz dərs ilinin başlanğıcı ərəfəsinə təsadüf etməsi ilgincdir; hesab etmək olar ki, bu, Seyidovun nazir postuna gedən yolunu bağlamağa hesalanmış addım olub".
Qeyd edək ki, Hesablama Palatası universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulduğunu aşkarlayıblar, bütün bunları nəzərə alaraq isə kollegiya tərəfindən auditin nəticələri üzrə materialların Baş Prokurorluğa göndərilməsi, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi tədbirlərin görülməsi məqsədilə ADDU-ya müvafiq təqdimatın və Təhsil Nazirliyinə müvafiq məlumatın göndərilməsi, Hesablama Palatasının daxili nizamnaməsinin 19.7-ci maddəsinə uyğun olaraq Milli Məclisə məlumat verilməsi qərara alınıb.
Məlum korrupsiya məlumatları ictimaiyyətdə və KİV-də geniş rezonans doğurub, Səməd Seyidovun özünün həbs ediləcəyi haqqında xəbərlər intensivləşib və bütün bunların fonunda rektor-deputatın nazir görəvinə gətirilməsi təxirə salınıb. "Təxirə salınıb" deyirik, çünki mənbəmizin gələn ilki prezident seçkilərindən sonra formalaşdırılacaq yeni hökumətdə Səməd Seyidovun təhsil naziri təyin ediləcəyini proqnozlaşdırır.
Azər Aslan
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44