“Sentyabrın 27-də işğalçı Ermənistanın hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatlarına başlamasından bir aydan artıq vaxt ötür. Ötən müddət ərzində müzəffər ordumuzun əks-hücum əməliyyatlarını uğurla həyata keçirməsi və torpaqlarımızın xeyli hissəsini işğalçılardan təmizləməsi bir daha təsdiqləyir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tarixi ədalətin və beynəlxalq hüququn təmin olunmasında israrlıdır və bunu öz gücü ilə reallaşdırmaq iqtidarındadır”.
Unikal.org xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.
Ağalar Vəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev son vaxtlarda etdiyi çıxışlarda, beynəlxalq KİV-lərə, televiziya kanallarına verdiyi müsahibələrində Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı ölkəmizin ədalətli və prinsipial mövqeyini əsaslandırılmış şəkildə diqqətə çatdırıb. Müstəqil Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyü, suverenliyi dünya dövlətləri və beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən tanınıb. Azərbaycan bu məsələdə prinsipial mövqedən çıxış edərkən bu amilə istinad edir. Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə predmeti olmayıb. Hazırki vəziyyət isə biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik.
Millət vəkili qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ probleminə yanaşmada qəti siyasi iradə ortaya qoyarkən ölkəmizin iqtisadi qüdrəti, cəmiyyətimizin bəhs olunan məsələdə vahid mövqedən çıxış etməsi, əksər siyasi partiyaların, vətəndaş cəmiyyəti təsisatlarının yüksək həmrəylik göstərmələri kimi fundamental amillərə, o cümlədən də Ordumuzun gücünə istinad edir. Bu gün müzəffər Silahlı Qüvvələrimiz çox mühüm faktor qismində çıxış edir.
“Müharibə şəraitində yaşayan Azərbaycanda son 17 ildə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordunun peşəkar kadrlarla təchizatı, döyüş hazırlığının artırılması dövlət siyasətinin prioritet istiqamətini təşkil edib və hər il büdcədən qeyd olunan məqsədlər üçün böyük həcmlərdə vəsait ayrılıb. Qürurverici haldır ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Sentyabrın 27-dən etibarən genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu xilaskarlıq missiyasını yerinə yetirərək hər gün yeni hərbi uğurlara imza atır. Azərbaycan Ordusu doğma torpaqlarda vuruşur, doğma torpaqlarda şəhidlər verir. Xilaskarlıq missiyası yerinə yetirməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində döyüşlərə daha inamla atılmaq üçün əlavə stimul yaradır. Hazırda Azərbaycanın Silahlı Qüvvələri yüksək təchizata malik olan ordudur. Ordumuz döyüş meydanlarında bir sıra innovativ texnologiyaları məharətlə tətbiq etməklə, taktiki və strateji əməliyyatları düzgün əlaqələndirməklə dünya hərb tarixinə yeniliklər bəxş edir. Lakin Prezident İlham Əliyevin müxtəlif çıxışlarında və müsahibələrində də bildirdiyi kimi, Ordumuzun qələbələrinin əsas qəhrəmanları Vətəni çox sevən, torpaqlarımızın hər qarışı uğrunda canından, qanından keçməyə hazır olan əsgərlərimiz və zabitlərimizdir. Şanlı qələbələr tariximizin bugünkü qürur doğuran səhifələrini Ali Baş Komandanın rəhbərliyi ilə məhz onlar yazırlar”,-deyə Ağalar Vəliyev vurğulayıb.