Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ilə bağlı qaydaya dəyişiklik edilir.

Unikal.org xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Məcəllənin 13-cü maddəsinin (Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi) 13.2-ci bəndinə təklif edilən dəyişikliklə

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına ("Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçiriləcək.

Məcəllənin hazırkı varinatı isə belədir: “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir”.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.