“Yanvardan bəri ABŞ rəhbərliyindən heç bir mesaj almamışıq. Bu gün artıq aprel ayıdır. Heç bir mesaj yoxdur”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində ABŞ-ın münaqişədən sonrakı dövrdə rolu ilə bağlı sualı cavablandırarkən bildirib.
Azərbaycan Prezidenti deyib ki, ABŞ dövlət katibi Entoni Blinken bir qədər öncə Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb: “Nə barədə danışdıqlarını bilmirəm, amma yenə də tarazlıq pozulub”.
“Onun zəngini gözlədiyimizi demirəm, ancaq o, Minsk qrupunun həmsədr ölkəsini təmsil edir. Ən azından özünün taraz yanaşmasını göstərməlidir”, - İlham Əliyev vurğulayıb.
Prezident İlham Əliyev vurğulayıb ki, bu günə qədər ABŞ administrasiyasından yeganə mesaj ABŞ Prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə təbriki olub: “Ancaq mahiyyət etibarilə bu yeganə mesaj idi”.