Futbol üzrə Avropa çempionatının D qrupunda II tura start verilib.
Unikal.org xəbər verir ki, ilk oyunda qələbə qazanan Çexiya millisi Xorvatiya yığması ilə qarşılaşıb. Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan görüş 1:1 hesabı ilə başa çatıb.
Matçda ilk qol 37-ci dəqiqədə vurulub. Penaltidən fərqlənən Patrik Şik çexiyalıları önə keçirib. Bu qol 25 yaşlı hücumçunu hələlik bombardirlər siyahısında birinci sıraya yüksəldib. Komandalar fasiləyə bu hesabla yollanıblar. Xorvatiya yığması ikinci yarının əvvəlindəcə tarazlığı bərpa edib. İvan Perişiç 47-ci dəqiqədə rəqibi məyus edib.
Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Çexiya millisi ilk pillədəki yerini qoruyub. Xorvatiya isə 1 xalla üçüncüdür.
Qeyd edək ki, D qrupunun digər oyunu bu gün İngiltərə və Şotlandiya yığmaları arasında olacaq. Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.