İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşüb.

Unikal.org xəbər verir ki, nazir Azərbaycanın beynəlxalq maliyyə qurumları, eləcə də Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verdiyini, Bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir. Bankla müxtəlif sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması, eləcə də, postpandemiya dövründə iqtisadiyyatın canlanması istiqamətində həyata keçirilən tədbirlər  barədə məlumat verilib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl Dünya Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayıb, ölkəmizdə aparılan iqtisadi islahatların dəstəkləndiyini bildirib.

Görüşdə birgə həyata keçirilən layihələrin icra vəziyyəti, işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə Bankla əməkdaşlıq imkanları və yeni layihələr müzakirə olunub.