"Vergi Məcəlləsinə dəyişikliklər təklif olunub. Dəyişikliklərlə əlaqədar müəyyən təkiflərimiz oldu. Çalışacayıq ki, təkliflərimiz də qəbul olunsun".
Bunu Unikal.org-a açıqlamasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, qiymət artımı əhalini ən çox narahat edən məsələlərdən biridir: "Mütəmadi olaraq bu məsələyə toxunuruq. Qiymət artımının obyektiv və subyektiv tərəfləri var. Bu ay 2022-ci ilin büdcə zərfinin müzakirələrinə başlanılacaq. Burada artımlar var. Maaş, pensiya, müavinət və s. Bunu nə qədər artırsaq da, qiymətlər gəlib onu üstələyir. Qiymət siyasətinə hökumət səviyyəsində məşğul olmaq lazımdır. Düzdür bazar iqtisadiyyatıdır, amma elə məsələlər var ki, orada yuxarı hədd böyük rol oynayır. Dərman preparatlarının qiymətini tənzimləyirlər. Amma dərmanların qiymətləri çox yüksəkdir. Türkiyədən də, özümüzdən də dərman alırıq. Fərq çox böyükdür".
Deputat insanları narahat edən əsas məsələlərdən biri yanvar ayından başlayaraq yenidən bahalaşma ola biləcəyi fikrinə də münasibət bildirib: "Çalışmalıyıq ki, bahalaşma olmasın. Olsa da, əmək haqqı, pensiya və müavinət heç olmasa onu üstələsin. Hesab edirəm ki, qiymət artımı ilə bağlı əmək haqqı sisteminə baxılmalıdır. Yeni normativ sənədlər işlənib hazırlanmalıdır".
Maaş və pensiyaların neçə faiz artacağına gəlincə, V.Əhmədov qeyd edib ki, büdcə qəbul olunduqdan sonra əmək haqqı və pensiyaların nə qədər artacağı məlum olacaq.
Anar Kəlbiyev