"Büdcə müzakirələrində sosial sfera ilə bağlı təkliflərimdən biri də pensiya kapitalından digər məqsədlər üçün istifadə edilməsi ilə bağlı oldu".
Bunu "Unikal"a iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, mövcud qaydalara əsasən, vətəndaşlarımız öz yığımlarından yalnız pensiya almaq üçün istifadə edirlər.
"Amma bir sıra ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə etmək hüququna malikdirlər. Məsələn, bəzi ölkələrdə yığımların üçdə biri kommunial xidmətləri ödəmək, kredit qaytarmaq və s. istiqamətlər üçün istifadə edilir. Bəzi vətəndaşlarımızın pensiya kapitalı kifayət qədər böyük olur. Məsələn, pensiya yaşına çatmamış 200 min manatdan çox kapital olan vətəndaş həmin puldan yalnız pensiya almaq üçün istifadə edə bilir. Bu baxımdan, təklif edirik ki, vətəndaşa yığdığı pensiya kapitalının bir hissəsini kommunal xidmət haqqının və ya kredit ödənişi kimi istifadə edilməsi hüququ verilsin. Əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa, o zaman onun əlavə vəsaitinin 30 faizini başqa məqsədlər üçün istifadə etməsi məqsədəuyğun olardı.
Yəni, əgər vətəndaşın 60 min manat pensiya kapitalı yığımları varsa, o zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmətlərin pulunu ödəmək üçün istifadə etmək hüququna malik olması məqsədəuyğun olardı. Digər 42 min manat isə birbaşa pensiya ödənişləri üçün istifadə oluna bilər. Bu həm də yığımlara marağı artıra və qeyri-rəsmi məşğulluğun daha da leqallaşdırılmasına səbəb ola bilər. Həmçinin, vəsaitin daha ünvanlı istifadəsinə imkan yaradar".
Anar Kəlbiyev