İngiltərə və Macarıstanın bəzi bölgələrindən diri quş və quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb.
Bu barədə "Unikal"-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İngiltərənin Şərqi İngiltərə regionunda və Macarıstan Respublikasının Baç-Kişkuninzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İngiltərənin Şərqi İngiltərə regionundan və Macarıstan Respublikasının Baç-Kişkun inzibati ərazi vahidindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İngiltərədən və Macarıstan Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.