Gələn ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti 3 ildə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsidir.
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dəyişikliklərə əsasən, yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad ediləcək.
"Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur. Gözlənilir ki, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalmalar olacaq. Belə ki, ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18 faiz azalmasına səbəb olacaq".
Deputat qeyd edib ki, hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır.
"Söhbət təbii ki, son 3 ildə istehsal olunan avtomobillərdən gedir. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq. Elektrik mühərrikli avtomobillərin vergidən azad olunması da müsbət haldır. Bu, ölkəmizdə həmin avtomobillərdən istifadəyə marağı artıra bilər".
Anar Kəlbiyev