Bəzi məmurların müdhiş əndişəsi
11:52 18-02-2013
İQTİSADİYYAT
Onlar seyflərindəki pulları və qızılları hara «yoxa çıxarır»?
Prezidentin yanında keçirilən son müşavirə bəzi məmurlarda misli görünməmiş qorxu yaradıb. Onlar ölkə başçısının məlum sərt tənqid və xəbərdarlıqlarından əndişələniblər, istər öz karyeralarının, istərsə də sərvətlərinin taleyi ilə bağlı ciddi narahatlıqları var. Bu barədə redaksiyamıza məlumatlı mənbədən bildirilib.
Mənbə xatırladır ki, dövlət rəhbəri məlum müşavirədə istər məmur və övladlarının özbaşınalığının dayandırılması, istərsə də korrupsiya ilə mübarizənin gücləndirilməsi yönündə kəskin və konkret fikirlər səsləndirib: «Srağagün isə Baş prokuror Zakir Qaralov korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair əməliyyat müşavirəsi keçirdi və oradakı çıxışında dövlət başçısının siyasi iradəsinə və göstərdiyi yüksək etimada uyğun olaraq prokurorluq, o cümlədən Korrupsiyaya qarşı mübarizə idarəsi əməkdaşlarının korrupsiyaya qarşı mübarizə istiqamətində bütün səy və bacarıqlarını səfərbər edəcəkləri, bu sosial bəlaya qarşı ən qətiyyətli tədbirlərin görülməsinin təmin olunacağı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni müstəvidə aparılacağı, ixtisaslaşdırılmış qurum olan bu idarənin işinin ən yüksək tələblər səviyyəsində səmərəli təşkilinin təmin ediləcəyini bildirdi. Bütün bunların isə bəzi məmurlarda əndişə yaratması təbiidir, çünki onlar məhz korrupsiya və özbaşınalıq sayəsində varlandıqlarını yaxşı bilirlər».
Məmurlar seyflərini boşaldırlar
Mənbəmiz qeyd edir ki, bəzi məmurların kabinetlərindəki seyflərdə saxladıqları pulları çıxardıqlarına dair məlumatlar var: «Bunun da səbəbi çox sadədir. Onlar hər an korrupsiya ilə mübarizə aparan aidiyyatı qurumların iş yerlərinə gələcəyindən və seyflərində saxladıqları pulların özlərini ələ verəcəyindən narahatdırlar».
Bundan başqa bir çox məmurların evlərində saxladıqları külli miqdarda pulu və qızıl-zinət əşyalarını da aradan çıxardıqları deyilir: «Bu narahatlıqların da səbəbi, yuxarıda da qeyd etdiyim kimi, hər an korrupsiya ilə mübarizə aparan qurumların basqınına uğramaqdır. Çünki qəfil yaxalansalar, adi vəzifə maaşı ilə bu qədər pulu, qiymətli əşyaları necə əldə etdikləri sualı ortaya çıxacaq. Sonda isə həm korrupsiya ilə məşğul olduqlarına şübhə qalmayacaq, həm də illərdir yığdıqları sərvətlər müsadirə ediləcək, yəni əllərindən çıxacaq».
Bəzi məmurların mülkləri ilə bağlı planı
Bəzi məmurları isə əllərindəki daşınmaz əmlakın taleyi narahat etməkdədir: «Azərbaycanda elə məmur var ki, təkcə Bakıda özünün və övladlarının 10-dan artıq mülkü var. Paytaxtın müxtəlif yerlərində, dənizkənarı kəndlərindəki mülkləri azmış kimi, onlar ölkənin səfalı yerlərində də torpaq sahələri, bağ evləri alır, restoranlar, otellər açırlar. Bunu isə bir qayda olaraq ailə üzvlərindən kiminsə adına rəsmiləşdirirlər».
Mənbə bildirir ki, artıq belə məmurlar da hərəkətə keçiblər. «Onlar çıxış yolunu bir neçə variantda görürlər. Birinci, ailə üzvlərinin və özlərinə yaxın şəxslərin adlarına rəsmiləşdirilən belə mülk və obyektləri nisbətən uzaq, amma etibarlı adamların adına keçirməkdir. Bununla onlar korrupsiya bağlantılarına dair dəlilləri azalda biləcəklərini sanırlar. Başqa bir variant isə haqqında danışılan daşınmaz əmlakları təcili satışa çıxarmaq, onları nəğd pula çevirib ölkədən kənarda daşınmaz əmlak sahibi olmaqdır. Artıq ölkədə öz varidatlarına təhlükə hiss edən belə məmurlar hesab edirlər ki, sərvətlərini və bizneslərini xaricə «transfer» etmək daha təhlükəsizdir».
Bəzi məmurlar uşaqlarını da ölkədən uzaqlaşdırır
Daha bir ilginc isə bəzi məmurların öz övladlarını Azərbaycandan kənarda tutmağa qərar vermələridir: «Burda da məqsəd aydındır. İsmayıllıda nazir oğlunun törətdiklərindən sonra prezidentin son müşavirədə bəzi harınlamış məmur övladlarını və onların atalarını sərt xəbərdar etməsi çoxlarının kürkünə birə salıb. Onlar öz övladlarının da hansısa «şıltaqlığından» narahatdırlar. Fikirləşirlər ki, birdən öz uşaqları da hansısa xoşagəlməz əmələ imza atar, beləliklə, karyeraları alt-üst olar, azadlıqlarını itirərlər, illərlə yığdıqları sərvət isə əldən çıxar».
Belədə çıxış yolunu ən azı bir müddət övladlarını Azərbaycandan kənara
çıxarmaqda, onları ordakı bizneslərinin başına keçirməkdə görən bəzi məmurlar bununla heç olmasa, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun düşdüyü duruma düşməməyi hədəfləyirlər».
Və sonda:
Bir sözlə, bəzi məmurlar ciddi əndişə və narahatlıq içindədirlər. Bulaşdıqları korrupsiya, özbaşınalıq əməliyyatlarının onların karyeralarını bitirəcəyindən, illərlə yığdıqları sərvətləri əlindən alacağından, hətta azadlıqlarını belə həbsə dəyişəcəyindən qorxurlar və çıxış yolları arayırlar.
Bu cəhdlər bir nəticə verəcəkmi, demək çətindir. Amma bu dəqiqədir ki, artıq bir çox məmurlar üçün bundan sonra vəzifə də, həyat da yalnız kefdən, eyş-işrətdən, harınlıqdan ibarət olmayacaq. (Unikal qəzeti)
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00