"Biz artıq bir dəfə ermənilərin Azərbaycan ərazilərini tərk edərkən evləri yandırdıqlarının və təbiətə ciddi ziyan vurduqlarının şahidi olmuşuq. Ermənilər Kəlbəcərdən çıxanda da meşələrə və evlərə od vururdular. Ağdamda isə heç nə qalmamışdı. Əgər orada birşey qalsa idi, yəqin ki, onu da yandırardılar".
Bunu "Unikal"a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, bu, ermənilərin xarakterindən irəli gəlir:
"İndi isə belə məlumatlar yayılır ki, Laçında evlərini yandıraraq həmin əraziləri tərk edən ermənilər Ermənistan hökümətindən kompensasiya ala bilməyəcəklər. Təbii ki, bu, onların özlərinin işidir.
Cənab Prezident hər zaman çıxışlarında bildirir ki, biz həmin ərazilərdə yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik. Necə ki, digər millətlərin nümayəndələri Azərbaycanda yaşayır, eləcə də ermənilər Azərbaycanın qanunlarını tam şəkildə qəbul etdikdən sonra orada yaşaya bilərlər.
Mənim üçün çox maraqlıdır ki, görəsən Laçında və Zabux kəndində yaşayan ermənilərin hər hansı biri Azərbaycan vətəndaşlığını qəbul etmək istəyəcək? Əgər onlardan Azərbaycan vətəndaşlığını qəbul etsə, bu, göstərici bir faktor olacaq. Çünki biz bunu təklif edirik. Biz erməniləri məcburi şəkildə qovmuruq. Onlara Azərbaycan ərazilərində yaşamaq üçün şans veririk", - deyə sabiq nazir qeyd edib.
Xatırladaq ki, Azərbaycan ərazisində qeyri-qanuni məskunlaşan ermənilərin Laçın rayonunu tərk edərkən oradakı evləri və meşələri yandırmalarına dair görüntülər yayılıb.
Murad İbrahimli