Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin ikinci könüllülük proqramı uğurla yekunlaşıb.
"Unikal" xəbər verir ki, 2022-ci ilin may-avqust aylarını əhatə edən proqramın məqsədləri gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq olub. Proqram çərçivəsində könüllülər fərdi və peşəkar inkişaf təlimlərində, yerli və beynəlxalq tədbirlərdə, sosial aksiyalar və layihələrdə iştirak ediblər. Həmçinin MEDİA Agentliyinin tədbirlərinin, o cümlədən Şuşada keçirilən Beynəlxalq Media Forumun təşkilinə dəstək göstəriblər.
İkinci könüllülük proqramının yekunlaşması ilə bağlı MEDİA könüllüləri ilə görüşən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov proqramın nəticələrini müzakirə edib və məzun könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Proqramı uğurla başa vuran könüllülərə sertifikatlar təqdim olunub.