Xəzər rayonunda 2021-2022-ci tədris ilində yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə Rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin görüşü keçirilmişdir.
"Unikal" xəbər verir ki, Mərdəkan Mədəniyyət Sarayında keçirilən görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, təhsil müəssisələrinin müəllimləri və tələbə adını qazanmış gənclər iştirak etmişdir.
İlk öncə tədbir iştirakçıları tərəfindən Respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bu il tələbə adını qazanan məzunları təbrik etmiş, yeni tədris ilində onlara uğurlar arzulamışdır. O, Azərbaycanın son illər təhsil sistemində əldə etdiyi uğurlarından və təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, bu siyasətin uğurlu nəticələri Xəzər rayonunun həyatında da öz əksini tapır. E.Salahov Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Respublikamızın hər yerində olduğu kimi Xəzər rayonunda da inşa edilən, müasir standartlara cavab verən yeni məktəb binalarının, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinin Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır.
Daha sonra Millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov və 125 nömrəli məktəbin direktoru Zeynəb Əliyeva çıxış edərək rayonumuzun çətin bilik yarışmasında qalib çıxaraq tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirmişdirlər ki, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələri ilə yanaşı Xəzər rayonunda təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. "Yeniləşən Azərbaycana yeni məktəb", Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək layihələrinin gerçəkləşməsi kimi vacib tədbirlər Xəzər rayonunda da baş vermişdir.
Görüşdə IV ixtisas qrupu üzrə ən yüksək - 700 balı toplayan Nigar Ağazadə və Vətən Müharibəsi şəhidi Mirzə Axundovun oğlu Ağamusa Axundov çıxış edərək, onlara yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.
Sonda tələbə adını qazanmış gənclərə hədiyyələr təqdim edilmiş və onlarla xatirə şəkli çəkidirilmişdir.