Sentyabrın 7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Kənarmeşə, Seyidəkəran və Şilim kəndlərinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, Qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, eyni zamanda yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Taleh Qaraşov yerlərdə vətəndaşlarla birbaşa dialoqun qurulmasının önəmindən danışıb və qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib. İcra başçısı bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin siyasi xəttinin mərkəzində insan amilinin dayanması, Vətən müharibəsindən sonra formalaşan yeni ictimai-siyasi şərait və xalqla dövlətin vəhdəti yeni idarəçilik mexanimzlərinin formalaşmasını şərtləndirir: “Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yerlərdə hər bir vətəndaşın dinlənilməsi, onların problem və qayğılarının ətraflı öyrənilməsi, qaldırılan məsələlərin həlli üçün mövcud imkanların təhlil olunması və vətəndaşın məmnunluğunun təmin edilməsi prioritet məsələlər olmalıdır”.
Taleh Qaraşov dövlətimizin Vətən müharibəsindən sonra beynəlxalq müstəvidə daha güclü siyasi institut kimi qəbul edildiyini və regional siyasi aktor olaraq yüksək mövqeyə sahib olduğunu qeyd edib. İcra başçısı bildirib ki, heç bir ölkə və beynəlxalq qurumdan borc almadan daxili imkanlar hesabına Qarabağda nəhəng quruculuq işlərinin aparılması, eyni zamanda qlobal iqtisadi böhran fonunda vətəndaşlarının yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində maaş və pensiyaların mütəmadi artırılması, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına xüsusi qayğı və yanaşmanın ortaya qoyulması Azərbaycan dövlətinin gücünün və cənab Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinin nəticəsidir. Kənarmeşə kəndinin sakinləri səmimi qəbul-görüşə görə Taleh Qaraşova minnətdarlıqlarını ifadə ediblər. Onlar icra hakimiyyətinin səlahiyyətlərinə aid bütün məsələlərin yerindəcə həll olunmasından məmnunluqlarını ifadə ediblər. Yerli sakinlər məmur-vətəndaş münasibətlərindəki yeni yanaşmanın, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində insanın hüquq və azadlığının yüksək səviyyədə təmin olunmasının və qorunmasının, sosial dövlət quruculuğu prosesinin intensiv xarakter almasının və vətəndaşın sosial rifah halının dayanıqlı olmasının cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri sayəsində mümkün olduğunu və bütün bunlara görə onlara təşəkkür və minnətdarlıqlarını vurğulayıblar.