Azərbaycana gətirilən mobil cihazların fərdi identifikasiya kodu – IMEI üzrə qeydiyyatı zamanı bəzi hallarda saxtakarlığa yol verilir. Bu prosesə daha çox mobil telefonlarda rast gəlinir. Qanuna görə, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.

"Unikal" xəbər verir ki,  bu zaman da cihazın satış qiymətinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. 

Bəzi işbazlar isə dövlət rüsumunu ödəməmək üçün daha öncə qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətini yeni telefonlara köçürürlər. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur. Surəti köçürülmüş IMEI üzrə istifadə olunan minlərlə mobil telefonun sahibi daha sonra müəyyən çətinliklərlə qarşılaşır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC surəti köçürülmüş IMEI-lərə qarşı intensiv mübarizə aparır.

Bununla bağlı “AzInTelecom” MMC-nin Mobil Cihazların Qeydiyyatı şöbəsi mütəmadi olaraq monitorinq edərək surətinin köçürülməsi  şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Nəticədə, surətinin köçürüldüyü aşkarlanan IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər. Mobil cihazda sim kart dəyişikliyi edildikdə telefonun şəbəkəyə qoşulması mümkün olmur. Bu halla rastlaşan şəxslər prosesin rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi ilə birgə ölkə üzrə daha geniş xidmət şəbəkəsinə malik olan “Azərpoçt” MMC-nin filiallarına yaxınlaşmalıdırlar.

“AzInTelecom” MMC-nin Mobil Cihazların Qeydiyyatı şöbəsinin IMEI-lərinin surəti köçürülmüş mobil cihazlara qarşı mübarizə tədbirləri çərçivəsində bu günə kimi 170 IMEI koda “klon” statusu verilib. Həmin IMEI  kodlar “klon” statusu verilməmişdən öncə son üç ayda 41 373, son bir ildə isə 117 104 ədəd mobil nörməyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. 

Araşdırma nəticəsində məlum olub ki, məhdudlaşdırıldıqdan sonra o IMEI kodlarla bu günə qədər 19 240 dəfə şəbəkəyə qoşulmağa cəhd edilib və hər birinə imtina cavabı verilib. 

Surəti köçürülmüş IMEI kodlarla bağlı “Azərpoçt” MMC-nin filialları vasitəsilə daxil olan müraciətlər üzrə də araşdırma aparılır. Bu günədək poçt məntəqələrinə ümumilikdə 11 IMEI üzrə müraciət edilib. 

Analitik qrup tərəfindən araşdırma aparılıb və onlardan 4 ədədi əsaslı olduğu üçün, yəni nömrə dəyişməsi ilə əlaqədar olduğuna görə müsbət rəy verilərək sistemdə ərizələri təsdiq olunub. Yeddi müraciət isə əsassız olduğu üçün imtina cavabı verilib.

IMEI kodu köçürülmüş mobil telefondan istifadə etmək vətəndaşların təhlükəsizliyi baxımından müəyyən risklər yaradır. Bu cür cihazlar kiber hücumlara qarşı zəif qorunur. 

Həmçinin qanun pozuntusu etdiyi üçün barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılan şəxsin istifadə etdiyi mobil cihazla sizin telefonun IMEI kodu klonlaşdırılmış ola bilər. Bu da əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində problemlər yarada bilir. 

Bu cür hallarla qarşılaşmamaq, işbazlar tərəfindən aldadılmamaq üçün yeni əldə etdiyiniz və ya hazırda istifadənizdə olan mobil telefonların IMEI  kodunun surətinin köçürülməsi statusu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə edə bilərsiniz.

Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənin, daha sonra Vahid Elektron Xidmətlər Portalına – portal.rinn.az saytına daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid edin. 

Ekranda görünən xanaya IMEI kodu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonunuzun IMEI koduna “klon” statusu verilib-verilmədiyini öyrənin. Əgər cihazınızın  IMEI nömrəsi köçürülübsə, ekranda “Cihazın istifadəsi məhdudlaşdırılıb. Surəti köçürülüb, yalnız müəyyən nömrələrlə istifadəsinə icazə verilib” mesajı sizə təqdim ediləcək. Bu halda məsələnin həlli üçün “Azərpoçt” MMC-nin filiallarına müraciət etməyiniz tövsiyə olunur.