"Roskosmos"un keçmiş rəhbəri Dmitri Roqozin DXR, LXR və Rusiya hərbçilərinin nəzarətində olan Xerson və Zaporojye vilayətlərində keçirilən referendumlardan sonra yaradılan Krım Federal Dairəsinə rəhbər təyin olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə “Vedomosti” nəşri məlumat yayıb.
Bildirilir ki, referendumdan sonra Rusiya sözügedən ərazilərini birləşdirərək, Krım Federal Dairəsini yaradacaq. Dmitri Roqozində prezidentin elçisi olacaq.
Nəşrin məlumatına görə, yaxın vaxtlarda Roqozinin təyinatı ilə bağlı qərar veriləcək.
Bundan əvvəl Roqozinin pilotlu kosmik sistemlərin sınaqları komissiyasından xaric edildiyi bildirilirdi. İyulun 15-də Rusiya prezidenti Vladimir Putin “Roskosmos” Dövlət Kosmik Korporasiyasının baş direktoru haqqında” fərman imzalayıb. O, Dmitri Roqozini vəzifəsindən uzaqlaşdıraraq, baş nazirin müavini vəzifəsində çalışmış, hökumətdə kosmos və hərbi sənaye kompleksinə nəzarət edən Yuri Borisovu təyin edib.
Putinin mətbuat katibi Dmitri Peskov yaxın günlərdə Roqozinin işə götürüləcəyinə vurğulayıb:
"Onun yeni vəzifəsi olacaq, Kreml bunu vaxtında elan edəcək".
Gülayə Mecid