Bərdədə "bayraq qalmaqalı" ilə bağlı cinayət işi başlanıb.

Bu barədə "Unikal"a Baş Prokurorluqdan məlumat verilib. Xəbərə görə, qeyd olunan faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə Rayon Polis Şöbəsinə tapşırılmışdır.

***11:39

Bərdə rayonunda Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb. 

"Unikal" xəbər verir ki,  bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, videoda Bərdə RİH-nin nümayəndəsi olduğu bildirilən şəxs Azərbaycan dövlət bayrağını sərt şəkildə çəkərək asılı olduğu yerdən qopardıb masanın üzərinə atır. Daha sonra isə o ərazidən uzaqlaşır. 

Hadisədən sonra Daxili İşlər Nazirliyi Bərdə rayonunda Azərbaycan Bayrağına qarşı edilmiş hörmətsizliklə bağlı hadisəyə reaksiya verib. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, qeyd edilən görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.

Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Seymur Əli