Sentyabrın 30-da üsyançı hərbi qüvvələr tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Burkina Faso prezidenti, podpolkovnik Pol-Henri Sandaoqo Damiba bazar günü dövlət başçısı vəzifəsindən istefa verməyə razılaşıb.

"Unikal" xəbər verir ki, bu barədə Radio France internationale radiostansiyası məlumat yayıb .Damiba zərbəçilərin istefa tələbi ilə razılaşdığını qeyd edib. Radiostansiyanın məlumatına görə, Damiba oktyabrın 2-də Burkina-Fasonu tərk edərək qonşu ölkə Toqoya yollanıb. Radio France internationale vurğulayıb ki, Damiba ilə zərbəçilər arasında aparılan danışıqlarda iştirak edən Toqonun prezidenti Faure Gnassingbe, Burkina Fasonun keçmiş prezidentinin gəlişinə razılıq verib.

Sentyabrın 30-da Burkina-Fasoda dövlət çevrilişi edən hərbi qrup Damibanı ölkə prezidentliyindən uzaqlaşdırdığını bəyan edib. Kapitan İbrahim Traore Burkina Fasonun yeni lideri olub. O, ölkənin idarəetmə strukturuna, Qorunma və Bərpa Uğrunda Vətənpərvər Hərəkatına rəhbərlik edirdi. Hakimiyyəti ələ keçirən hərbçilər hökumətin buraxıldığını, konstitusiyanın və istənilən siyasi fəaliyyətin dayandırıldığını elan ediblər.

Hazırkı hərbi çevriliş Burkina-Fasoda bu il ikinci, 1984-cü ilə qədər Yuxarı Volta adlanan ölkənin yaranmasından sonra isə doqquzuncu çevriliş olub. Yanvarın 24-də Burkina-Fasoda hərbi çevriliş həyata keçirən və prezident Roka Mark Kristian Kaboreni devirməklə, hökuməti və parlamenti buraxaraq hakimiyyəti ələ keçirən üsyançıların sıralarına Damibanın özü rəhbərlik edib. Damiba yanvarın 31-də Prezident, Dövlət Başçısı və Ali Baş Komandan elan edildi. Martın 1-də hakimiyyətin üç il ərzində hərbçilərin əlində saxlanmasını nəzərdə tutan keçid xartiyası qəbul edilib. Daha sonra Qərbi Afrika İqtisadi Birliyi ilə razılaşdırılaraq bu müddət 24 aya endirildi.