"Başa düşürəm ki, inflyasiya var. Qiymətə müəyyən qədər dəyişiklik edilməlidir. Amma bu elə bir formada olmalıdır ki, qiymət dəyişikliyi aztəminatlı insanlara təsir etməsin".

Bunu "Unikal"a açıqlamasında deputat Rüfət Quliyev ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı daşıyıcı şirkətlərin təklifinə münasibət bildirərkən deyib.

O bildirib ki, özəl nəqliyyat şirkətlərinin ictimai nəqliyyatda qiymət siyasətinə yenidən baxılması müraciəti ilə bağlı komissiya yaradılıb və işlər aparılır: "Tarif Şurasına təkliflər hazırlanır. Hazırda nəqliyyat şirkətləri üçün çətin günlərdir. Amma birdən-birə qiyməti çox artırmaq olmaz. Bu məsələ ilk növbədə analiz olunmalıdır ki, şirkətlərin çətinliyi nə ilə bağlıdır".

Deputat qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti yoxlanılmalıdır:

"Pandemiyadan bu günə qədər ictimai nəqliyyata köməklik kimi onlara 230-240 milyon manat pul ayrılmışdı. Bu vəsait necə xərclənib, hara gedib, kim tərəfindən mənimsənilib? Zarafat deyil, 1 milyardın 4/1 hissəsidir.  İlk növbədə bu vəsaitin hara xərcləndiyini araşdırmaq lazımdır".

Anar Kəlbiyev