Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təhsilimizin dünənindən, bugünündən və perspektivlərindən bəhs olundu.
"Unikal" xəbər verir ki, oktyabrın 11-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən orta təhsil müəssisələrində çalışan, dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülən, “Tərəqqi” medalı ilə təltif edilən bir qrup müəllimlə, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olan, hazırda təqaüdə çıxmış məktəb direktorları, o cümlədən 3 oktyabr 2022-ci il tarixli «2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında» Sərəncamı ilə 2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ali məktəblərə daxil olmuş tələbələrlə görüş keçirildi.
YAP Xətai rayon təşkilatında keçirilən görüşdə əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə təhsilin millətin gələcəyi olduğunu önə çəkərək ölkəmizdə bu sahənin inkişafı istiqamətində atılan addımlardan bəhs etdi: «Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq təhsilin prioritetliyini görərik. Hələ hakimiyyətinin birinci dövründə Ulu Öndər Azərbaycanın müstəqil gələcəyini düşünərək kadr potensialının yetişdirilməsi məqsədilə minlərlə Azərbaycan gəncini keçmiş İttifaqın ən nüfuzlu ali təhsil ocaqlarına təhsil almağa göndərmişdi. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahənin inkişafı dövlət siyasətinin əsas tərkib hissəsi kimi öndə oldu. Hər bir ölkənin dövrün çağırışlarını yüksək səviyyədə cavablandırması üçün təhsilin, elmin inkişafı əsasdır. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən Ümummilli Liderin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar bu gün ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.”
Vüqar Rəhimzadə vurğuladı ki, ulu öndər Heydər Əliyevin dünənimizin, bugünümüzün və sabahımızın əsası kimi dəyərləndirilən ideyaları son 19 ildə dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, Dövlət proqramları bu sahənin inkişafına böyük töhfələr verir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində son illər ölkəmizdə müasir tələblərə cavab verən məktəb binaları tikilib istifadəyə verilib. Təhsil sahəsində informasiya–kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb. Bu gün “hər bir şagirdə bir kompüter” prinsipi orta təhsil müəssisələrinin fəaliyyətinin əsasında dayanır.”
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev Prezident İlham Əliyevin gənclərlə bağlı fikirlərinin əsasında dayanan bu çağırışı bir daha diqqətə çatdırdı: “Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək.”
Rafiq İsayev bildirdi ki, təhsilin bünövrəsi məktəblərdən qoyulur: “Məktəblərin maddi-texniki bazasının möhkəmliyi, peşəkar müəllimlərin fəaliyyəti bugünümüz üçün yüksək ixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynayır. Məktəbin, müəllimlərin ən əsas vəzifəsi cəmiyyətimizin, xalqımızın, ölkəmizin gələcəyi üçün dəyərli vətəndaşlar hazırlamaqdır. Ümummilli lider Heydər Əliyev müəllim əməyini daim yüksək qiymətləndirərək bildirmişdir ki, mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizin taleyində müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq.
Tədbirdə Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova, 269 saylı məktəbin təqaüddə olan keçmiş direktoru, “Şöhrət” ordenli Alla Vəzirova, 261 saylı məktəbin təqaüddə olan keçmiş direktoru Abuzər Əsədov, 264 saylı məktəbin hazırda təqaüddə olan keçmiş direktoru Sevda Qocayeva və başqaları çıxış edərək təhsilimizin dünənindən, bugünündən və perspektivlərindən bəhs etdilər. Müəllim əməyinə dövlətimiz tərəfindən verilən yüksək dəyərin onların fəaliyyətində böyük məsuliyyət hissini yaratdığını qeyd edən natiqlər bu gün hər bir sahədə uğurla fəaliyyət göstərən kadrlarımızın yetişməsində, cəmiyyət üçün layiqli övlad kimi tərbiyə olunmasında müəllim əməyinin böyüklüyündən danışdılar. Bildirdilər ki, müəllimlər yetirmələrini gördükdə bundan böyük qürur hissi keçirirlər.
Tədbirdə çıxış edən Prezident təqaüdçüləri onlara göstərilən yüksək etimada görə dövlət başçısı İlham Əliyevə təşəkkürlərini bildirərək Prezidentin məlum Sərəncamını ölkəmizdə təhsilə, Azərbaycan gəncliyinin sabahına diqqətin bariz nümunəsi kimi qeyd etdilər.
Sonda təhsil işçilərinə və Prezident təqaüdünə layiq görülən tələbələrə Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatı adından hədiyyələr təqdim edildi.