Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Əhməd Cavad – 130 il” adlı tədbir olub.

"Unikal" xəbər verir ki, Azərbaycan Dövlət Himninin səsləndirilməsi və videoçarxın nümayişindən sonra universitetin rektoru  İlham Mədətov iştirakçılara xitabən “Əhməd Cavad sıradan bir insan deyil”dedi. Daha sonra qeyd etdi ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim, Dövlət himnimizin müəllifi dedikdə Əhməd Cavad şəxsiyyəti göz önündə canlanır. Rektor 30-cu illərin repressiya dalğasında xalqımızın ən istedadlı ziyalılarının, düşünən beyinlərinin, ədəbiyyatımızın, mədəniyyətimizin  məhv edildiyini detallı faktlarla isbatladı. 

Əhməd Cavadın nəticəsi Cavad Axundzadə ”Əhməd Cavad 130” adlı tədbirə dəvətə görə ATMU rəhbərliyinə təşəkkürünü bildirdi.  Valideynlərinin Əhməd Cavad və Şükriyyə xanım haqqında xatirələrini  iştirakçıların diqqətinə çatdırdı. 

Dillər kafedrasının baş müəllimi Almaz Zöhrabova Əhməd Cavadın həyat və yaradıcılığından,o cümlədən xeyriyyəçilik fəaliyyətindən bəhs etdi. 

“İstiqlal şairimiz və milli-mədəni kimliyimiz” mövzusunda çıxış edən Dillər kafedrasının dosenti  Ağaverdi Xəlilov Əhməd Cavadın eyni zamanda Azərbaycan Xeyriyyə Cəmiyyətinin məsul katibi və ən fəal üzvlərindən biri kimi yaddaşlarda qaldığını dedi. Hacı Zeynalabdin Tağıyevin maddi yardımı ilə Seyfəlidə məktəb və uşaq bağçalarının açılmasında iştirakından,  “Yaşıl qələmlər” və Azərbaycan Proletar Yazıçılar Cəmiyyətindəki fəaliyyətindən söz açdı.A.Xəlilov “Əhməd Cavad istedadlı şair, publisist, tərcüməçi, jurnalist, xeyriyyəçi olmaqla bərabər,  Azərbaycan Demokratik Cumhuriyyətinin ideoloqlarından da biridir” –sözləri ilə çıxışını tamamladı. 

Tədbirdə istiqlal şairimiz Əhməd Cavadın müxtəlif illərdə yazdığı   şeirlər universitet tələbələri tərəfindən ifa edildi.